İnteqrasiyadan sonra Qarabağdakı erməni icması parlamentdə yer ala bilərmi? – İLGİNC AÇIQLAMAbackend

İnteqrasiyadan sonra Qarabağdakı erməni icması parlamentdə yer ala bilərmi? - İLGİNC AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar həm də rəsmi Bakı ilə Qarabağın erməni icması arasında aparılır. Dolayısı ilə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası sülhün əldə edilməsi üçün ilkin zəmin rolunu oynaya bilər. Amma oradakı separatçıların və “Qarabağ klanı”nın təzyiqləri nəticəsində hələ bu istiqamətdə irəliləyişə nail olunmayıb. Lakin bütün olanlara rəğmən rəsmi Bakı Qarabağdakı ermənilərin reinteqrasiyasına dəstək olmağa, onları öz vətəndaşı kimi qəbul etməyə hazırdır. Belə olan halda isə bəzi suallar ortaya çıxır. Görəsən, Qarabağ ermənilərinin inteqrasiyasından sonra onların təmsilçilərinə Azərbaycan parlamentində mandat verilə bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ermənilərin inteqrasiya məsələsi onların özündən asılıdır: “Birincisi, Sovet dövründə ermənilərin necə yaşadıqlarına və hansı vəziyyətdə olduqlarına nəzər salmaq lazımdır. Azərbaycanda bir nazir, Bakının 11 rayonundan birinin katibi erməni idi. Yəni onlar bütün səviyyələrdə təmsil olunurdular və xüsusi imkanlar yaradılırdı. Ermənilər imtiyazlardan yararlanırdılar. Məsələn, azərbaycanlılara verilməyən imtiyazlar onlara şamil edilirdi. Hətta Qarabağ Azərbaycanın ən varlı bölgəsi idi və buna baxmayaraq, orada yaşayan ermənilər mənfurcasına azərbaycanlıların onları sıxışdırdıqlarını, sosial vəziyyətin guya gərgin olduğunu deyirdilər. Yəni ermənilərin törətdiyi vəhşiliklərdən, dağıdıcı siyasətindən sonra biz onlara heç bir borc ödəməli deyilik. Əksinə ermənilər və Ermənistan bizə borcludur. Ermənilərin sayını üstələyən milli azlıqlar Azərbaycanda yaşayır. Ola bilər ki, onların parlamentdə təmsilçisi var. Amma bu şəxslər öz milli mənsubiyyətnə görə deyil, fəallığı səbəbindən seçiliblər. Digər tərəfdən bu məsələ ermənilərin özündən birbaşa asılıdır. Çünki onların bizə iddialar irəli sürməklə, şərt qoymaqla inteqrasiya olmaları müsbət heç nə vəd etmir.  Ermənilər Azərbaycanın qoyduğu qaydalarla inteqrasiya prosesini keçməlidirlər. Çünki onların etibarı törətdikləri biyabırçılıqlar, qarşıdurmalar, dağıntılar və müharibə ovqatı nəticəsində tamamilə itib. Ona görə də, ermənilərə yuxarı başda yer verməyin lazım olub-olmadığını da söyləmək çətindir”.

Azərbaycanlılar Dərbənddə təzyiqlərə məruz qalır` - Tofiq Abbasov

Politoloq əlavə edib ki, ermənilər daxilən özlərini bərpa etməli, təmizlik prosesindən keçməli, yenidən Azərbaycan cəmiyyətinə ixtilaf yaratmaqdan ötrü inteqrasiya olmadıqlarını sübuta yetirməlidirlər: “Ona görə də, bu prosesdə ermənilərin özlərini necə aparacağı çox önəmlidir. Biz ermənilərin nazı ilə oynamalı deyilik. Onlara heç bir şərait yaratmamalıyıq. Hazırda Paşinyanın gündə bir tələblə ortaya çıxdığını görürük. Özünün hazırlığı olmadığına görə, xarici havadarlarından aldığı təklifləri səsləndirir. Bu, onu göstərir ki, Paşinyanın siyasi naşılığı tək özü üçün yox, bütün erməni xalqı üçün bəlaya çevrilib. Odur ki, Qarabağ ermənilərinin ağlı olsa, özlərini Ermənistandan kənar tutarlar. Çünki Azərbaycan qanunvericiliyinə tabe olsalar, bizim vətəndaşlığımızı qəbul etsələr, bu zaman daha çox üstünlük və rifah qazanacaqlar. Odur ki, Qarabağdakı erməni icmasının Azərbaycan parlamentində yeri olub-olmayacağı ikinci dərəcəli məsələdir. Əsas məsələ onların reinteqrasiyasıdır. Yəni onların özlərini necə aparacaqları çox önəmlidir. Üstəlik, ermənilər Azərbaycanda gedən bərpa və quruculuq işlərinə qatılmalıdırlar. çünki bu dağıntılar məhz onlara görə baş verib. Bəzi şayiələr gəzir ki, guya vitse-prezident mövqeyində də ermənilər təmsil oluna bilərlər. Mən bu fərziyələrin hamısının əleyhinəyəm. Əvvəlcə onlar özlərini təsdiqləməli və nə istədiklərini bəlli etməlidirlər. Bundan sonrakı proseslər əsnasında bir çox məsələlərə aydınlıq gətiriləcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*