İntihar bloku, dəhşətli işcəncələr və ölüm düşərgəsi – İki yüz mindən çox insanın əzab çəkdiyi Mauthauzen barədə bilmədiklərimizbackend

İntihar bloku, dəhşətli işcəncələr və ölüm düşərgəsi - İki yüz mindən çox insanın əzab çəkdiyi Mauthauzen barədə bilmədiklərimiz

Milyonlarla insanın ölümünə səbəb olan İkinci Dünya Müharibəsi həm də dəhşətli əsir düşərgələriylə tarixə düşüb. Almanların yaratdıqları əsir düşərgələrində milyonlarla insan dünyasını dəyişib. Bu cür  “ölüm düşərgələri”ndən biri də Mauthauzen konslageri idi. Nasistlər itaət göstərməyən hərbi əsirlərə bu düşərgədə işgəncə veriblər. Əsir düşən Sovet zabitlərinin əksəriyyəti də Mauthauzendə saxlanılıb və onlara olmazın işgəncələrini veriblər. On minlərlə insanın öldüyü düşərgədə sovet zabitləri üsyana başlayıblar.

Əzab vermə

The Mauthausen Concentration Camp 1938–1945 - History - KZ-Gedenkstätte Mauthausen

  “Mauthauzendəki əsir düşərgəsində minlərlə hərbi əsir qətlə yetirildi. İşgəncələrə dözməyənlərin əksəriyyəti imkan tapan kimi intihar etdi”. Bunu Mauthauzendə sağ qalan məhbuslardan biri Jozef Yablonski özünün xatirələrində yazır. Yablonski xatırlayır ki, almanlar bu məşum yeri Mordhauzen adlandırdılar. Alman dilində  Mordundan – qətl deməkdir. Əsir düşərgəsində 1938-1945-ci illərdə 200 minə yaxın insan saxlanılıb. Onların yarıdan çoxu ölüb.  Nasistlər düşərgəni 1938-ci ildə Avstriya Anşlusundan dərhal sonra – Adolf Hitlerin doğma şəhəri Linz yaxınlığındakı dağlıq ərazidə yaratmışdılar. Bura əvvəlcə ən təhlükəli cinayətkarlar, homoseksuallar, məzhəbçilər və siyasi məhbuslar göndərilib. Çox keçmədən Mauthauzen qapılarını hərbi əsirlərin üzünə açıb.

Mauthausen concentration camp - Wikipedia

Hitler doğma şəhəri Linzi yenidən qurmaq istəyirdi. Onun möhtəşəm memarlıq planları çoxlu tikinti materialları tələb edirdi. Mauthauzenin “sakinləri” karxanalarda işləyir, qranit çıxarırdılar. Gün ərzində ac-susuz 12 saat ağır işlərdə çalışan əsirlərin çoxu acından dünyasını dəyişirdi. Mauthauzenə gətirilən bütün məhbuslar 26-28 yaş arası sağlam kişilər idi. Düşərgədə baş verən ölüm nisbəti digərləriylə müqayisədə daha çox olub. SS işçiləri istənilən məhbusu döyə və ya öldürə bilərdi. Bununla belə izdihamlı kazarmalardakı antisanitar şərait, kütləvi dizenteriya və tibbi xidmətin olmaması zəifləmiş insanların ölümünə səbəb olurdu. Mauthauzendən  sağ qurtaran Yablonski düşərgədəki ilk iş gününü belə təsvir edir: “Yüz nəfər əsirlə birgə məni nəhəng bir daş karxanasına apardılar. İş belə bölüşdürülmüşdü: bəziləri lom və külünglə daş parçalarını sındırmalı, digərləri bunları yarım kilometr aralıda tikilən bloka çatdırmalı idilər. Yorğun, ac insanlar xərəyi ağır yüklə daşımaq üçün bütün güclərini işə salırdılar. Kimsə büdrəyən kimi dərhal arxadan atəş açılırdı.  Bəzən yorulan əsir gülləylə öldürülmürdü. Sadəcə əlində saxlaya bilmədiyi lom məhbusun beyninə sancılırdı. Birinci gün karxanadan 12 meyit gətirdik”.

The music that accompanied the horror of Mauthausen and the photographer who saved it

Qanun pozanlar daha ciddi cəzalanıblar. Onları “cərimə meydançası”na göndəriblər və onlar ən ağır işləri yerinə yetiriblər. “Cərimə meydançasında” çalışan əsirlər ağır qranitləri karxanadan anbara qədər aparmalıydılar. Burada əyri-üyrü 186 pilləkəndən keçmək lazım gəlirdi və kifayət qədər yüksək pillələr minlərlə məhbusun son gördüyü yer idi.  Yeriyə bilməyənləri SS-lər dərhal  güllələyirdi. Çox vaxt edam yerlərinə məhbusların özləri könüllü gedirdi.

Mauthausen | Nazi Germany, Holocaust, World War II | Britannica

Düşərgədə ruslar, polyaklar, ukraynalılar, qaraçılar, almanlar, çexlər, yəhudilər, macarlar, ingilislər, fransızlar çoxluq təşkil edirdi. Almanlar arasında ürəyi yumşaq insanlara da rast gəlinib. SS-çilər bəzən biri-birilərindən gizlin qalay qutularda “ölüm pilləkəni” boyunca su qoyub gedirdilər. Bu da əsirlər üçün göydəndüşmə idi.

1939-cu ildə cəmi min beş yüz məhbusu olan Mauthauzen get-gedə böyüməyə başladı. Sonrakı illərdə minlərlə əsir düşərgəyə gətirilir və əksəriyyəti də ölürdü.

1942-ci ildə Mauthauzendə hərbi əsirlərin sayı çoxalanda məhbuslar  müqavimət göstərmək üçün planlar qurmağa başladılar. Görüş yeri isə 22 saylı kazarma idi. Orada məhbuslar xəstələr üçün yemək və paltar toplayır, bir-birinə kömək edir, məlumat paylaşırdılar. Nasistlər bəzən Qərb ölkələrinin məhbuslarına Qırmızı Xaç vasitəsilə evdən ərzaq bağlamalarına icazə verirdilər.

Üsyan və “dovşan ovu”

Mauthausen Concentration Camp: Dark History Unveiled

 Əsir düşərgələrində nadir hallarda üsyanlar olub. Tükənmiş adamlar, silahsız vəziyətdə amansız SS-çilərə necə müqavimət göstərə bilərdi? Onların çoxu  düşərgədən qaçmağa nail olsa da, yerli əhali onların yenidən tutulmasında SS-ə kömək etmişdi. Buna görə də Mauthauzendə gündəlik ölüm hallarına baxmayaraq, kütləvi iğtişaşlar baş vermədi. 1944-cü ilin mayında düşərgədə 20 saylı “intihar bloku” yaradıldı. Qaçmağa cəhd edənlər, əsasən də Qırmızı Ordunun zabitləri və əsgərləri orada saxlanılırdı. Onlara gün ərzində bir qab çuğundur şorbası və bir tikə çovdar çörəyi verilirdi.  “İntihar blokun”da saxlanılanlara  yuyunmağa icazə verilmirdi və tez-tez yorucu məşqlər etməyə məcbur edilirdilər.

1945-ci ilin əvvəlində həyatından bezən əsirlər üsyan etmək qərarına gəldilər. O vaxta qədər onların blokunda artıq dörd min beş yüz insan həlak olmuşdu. Onları da eyni aqibət gözlədiyini anlayırdılar. Ona görə də gecə 570 nəfər əsir  əllərinə keçən taxta, daş parçası ilə “silahlanıb” əvvəlcə kazarma müdirini öldürdülər. Bundan sonra üsyançılar həyətə çıxıb ən yaxın qülləyə tərəf qaçdılar. Bu, gecə saat bir radələrində, sovet zabitlərinin ümid etdiyi kimi, keşikçilər artıq soyuqda yuxuya getdikləri zaman baş vermişdi. Onlar SS-çilərin pulemyotunu ələ keçirməyə və mühafizəçiləri öldürməyi bacarmışdılar. Atışma zamanı qaçanlar güllə altında tikanlı məftillərin üzərinə yorğan atdılar və  maneəni keçdilər. Bir neçə dəqiqə ərzində həbs düşərgəsinin həyəti meyitlərlə dolmuşdu.

570 nəfərdən 419-u hələ də müqavimət göstərirdi. Plana əsasən, onlar kiçik qruplar halında müxtəlif istiqamətlərə qaçırdılar. Beləliklə, sovet hərbi əsirləri  İkinci Dünya Müharibəsi tarixində konslagerdən ən böyük qaçışı həyata keçirdilər.

 Üsyançılar üçün ətrafda gizlənməyə yer yox idi. Əsirlərin ümid etdiyi meşə zolağı bu ərazidə gözə dəymirdi. Buraların insanları da əsirlərə qarşı aqressiv davranırdı. Alman hökuməti  qaçanları “xüsusi təhlükəli cinayətkar” elan edərək onların hər birinin başına mükafat təsis etdi. Düşərgə komendantı SS Standartenfürer Franz Ziereis əsirlərin tutulması üçün əməliyyata başladı. Onların tutulması əməliyyatı tarixə “Mühlviertel dovşan ovu” kimi düşdü. Bir neçə gün ərzində SS, polis, Volkssturm və Hitler Gəncləri dəstələri  qaçanları yaxaladılar. Yalnız 17 nəfər canını qurtara bildi. Bəziləri, Viktor Ukraintsev kimi, bir neçə həftə sonra həbs olundu. Kapitan İvan Bityukov isə möcüzə sayəsində Çexoslovakiyaya çatdı və 1945-ci ilin aprelinə qədər burada qaldı. Leytenant Aleksandr Mixeenkov da Çexoslovakiyaya qaçdı və müharibənin sonuna qədər meşədə gizləndi.  Leytenantlar İvan Baklanov və Vladimir Sosedko mayın 10-dək meşədə gizlənərək ərazidəki fermalardan ərzaq oğurladılar.  Leytenant Tsemkalo və texnik Rıbçinskini avstriyalı Mariya və İohann Lanqtaler xilas etdilər. Onlar həyatlarını riskə ataraq Almaniya təslim olana qədər sovet məhbuslarını gizlətdilər.

Kütləvi edam və Mauthauzenin sonu

Mauthauzen düşərgəsinin dəhşətləri – Faşistlər general Karbışevi şaxtada donduraraq “buz heykəl”ə çeviriblər » Cenub.az - Regional Qazet

1945-ci ilin fevralında Üçüncü Reyxin tezliklə sona çatacağı bəlli idi. Əsir düşərgələrində qətllər daha tez-tez baş verirdi. Nasistlər cinayətlərinin izlərini təmizləyərək xüsusilə nifrət etdikləri insanları güllələyirdilər. Gün ərzində iki yüzə yaxın məhbus öldürüldü.

1945-ci il fevralın 18-də düşərgə mühafizəçiləri ağılasığmaz cəzaya əl atdılar. Əsirləri soyundurub yanğınsöndürən şlanqlarından buzlu suyu onların üzərinə axıtdılar. Şaxtalı havada bir neçə saat çəkən bu əməliyyatdan heç kim xilas ola bilmədi. Soyuq su altında ölənlər arasında Qırmızı Ordunun general-leytenantı  Dmitri Mixayloviç Karbışev də var idi. O, 1941-ci ilin avqustunda əsir düşmüşdü. Bir neçə əsir düşərgəsində əziyyət çəkən generala almanlar dəfələrlə əməkdaşlıq təklif etsələr də o, bunu qəbul etməmişdi. Həmin fevral gecəsi Karbışevlə birgə dörd yüzdən çox adam öldü. Onların cəsədləri yandırıldı.

1945-ci ilin mayın 5-də Mauthauzen Amerika qoşunları tərəfindən azad olundu. Amerkanlar  SS-çiləri həbs etdilər. 1946-cı ilin yazında onların məhkəməsi başlandı. Məhkəmə 59 nəfər barədə  ölüm hökmü çıxartdı. Daha üç nəfər ömürlük həbs cəzasına məhkum edildi. Mauthauzendəki qətllərə görə məsuliyyət daşıyanların son məhkəmələri 1970-ci illərdə baş tutdu.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*