İran-Azərbaycan arasındakı son gərginliyin arxasında nə dayanır? – Beynəlxalq nəşrdən İLGİNC ARAŞDIRMAbackend

İran-Azərbaycan arasındakı son gərginliyin arxasında nə dayanır? – Beynəlxalq nəşrdən İLGİNC ARAŞDIRMA

Azərbaycan, Türkiyə, Pakistan və İranı əhatə edən söz savaşı, eləcə də hərbi təlimlər Cənubi Qafqazda gərginliyin artmasına səbəb olub. Sərhədlərinin ümumi uzunluğu 700 kilometrdən çox (765km) olan Azərbaycan və İran arasında son həftələrdə gərginlik artmaqda davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələri işıqlandıran, mərkəzi ofisi isə Londonda yerləşən “Middle East Eye” (Yaxın Şərqin gözü) nəşri geniş məqalə dərc edib.

Nəşr bildirir ki, Azərbaycan və onun müttəfiqləri olan Türkiyə və Pakistanın Bakıda birgə hərbi təlimlər keçirməsindən bir neçə həftə sonra, Tehran bu ayın əvvəlindən Qafqaz qonşusu ilə (read- Azərbaycan) sərhəddə genişmiqyaslı təlimlərə start verdi. Təlimlər İranın İsrail ordusunun guya Azərbaycan ərazisinə yerləşdirildiyi iddiaları fonunda keçirilir. Ötən il baş verən İkinci Qarabağ müharibəsində Azərbaycanın İsrailə məxsus  pilotsuz uçuş aparatlarından və Türkiyəyə aid silahlardan istifadə edərək Ermənistanı məğlub etməsi İranda narahatlıq yaradıb.

Azərbaycan və İran arasındakı mövcud gərginlik indiyə qədər söz savaşı və sərhəddəki hərbi təlimlər səviyyəsindən kənara çıxmasa da, mövcud narazılığın hərtərəfli bir münaqişəyə çevrilə biləcəyi qorxusu var. Nəşrin yazdığına görə, İranla Azərbaycan arasındakı problemlərin çoxu ötən il Azərbaycan və Ermənistan arasında baş verən müharibədən qaynaqlanır. Ötən il Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsdən sonra başa çatan 44 günlük müharibədən sonra Azərbaycan, Birinci Qarabağ müharibəsində itirdiyi torpaqların böyük hissəsini geri qaytarmağa nail oldu. Hər iki ölkə ilə həmsərhəd olan İran, Ermənistanla müttəfiq olmasına baxmayaraq böyük ölçüdə susmağa çalışdı. Lakin İranın Ermənistana qanunsuz yük daşımaları Azərbaycanın etirazına səbəb oldu. Eyni zamanda sentyabrın 12-də Azərbaycan Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirməsi, Tehranı daha da təhrik etdi.

Bu arada İran mətbuatı Ermənistanın strateji Zəngəzur vilayətini Azərbaycana vermək niyyətində olduğunu yazıb və narahatlığını gizlətməyib. Ermənistanın ən cənub əyaləti olan Zəngəzur, qərbdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, şərqdə Azərbaycan və cənubda İranla sərhəddir. Yəni Ermənistanın İranla sərhədini təşkil edir.

İranlı tədqiqatçı Fardin Eftekhari deyir ki, 2020 -ci il barışıq sazişi Azərbaycanla Naxçıvanı, Zəngəzur vasitəsilə birləşdirəcək bir dəhlizlə təmin etsə də, rəsmi Bakı bu plandan razı deyil. Guya Bakının əsas məqsədi İranı əlverişsiz bir geosiyasi vəziyyətə salmaq üçün bütün Zəngəzura nəzarəti təmin etməlkdir. Hər halda bütün bunlar iranlı tədqiqatçı Fardin Eftekharinin iddialarıdır. Nəşrin iddiası isə belədir ki, Türkiyə İranın Ermənistana çıxışını ləğv edərək Azərbaycanla birbaşa əlaqələr yaratmaq ambisiyasını həyata keçirməyə cəhd göstərsə, o zaman gərginlik riski artacaq. Digər tərəfdən İran əsilli amerikalı alim və keçmiş diplomat Şirin Hunter iddia edir ki, Türkiyə çoxdan Azərbaycana, oradan da İranın şimalına və Orta Asiyaya quru yolunun olmasını istəyir.

“Middle East Eye”-nin məqaləsində qeyd edilir ki, Tehran Azərbaycanın qələbələrinin və regional ittifaqlarının İranın şimalındakı azərbaycanlı əhaliyə təsirindən də ehtiyat edir. Belə ki, ərazidə ölkənin ən böyük azlığı olan etnik azərbaycanlı əhali yaşayır. İranın şimalındakı azərilər, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki qələbəsindən sonra kütləvi şənliklər keçirərərk, İran-Ermənistan sərhədlərinin bağlanmasını da tələb ediblər.

“İran şübhəsiz ki, Bakının öz ərazisinə olan ambisiyalarından və Türkiyədən gələn pantürkist təbliğatdan narahatdır. Lakin  hazırda Güney Azərbaycanda heç bir real separatizm təhlükəsi yoxdur” – deyə Şirin Hunter vurğulayıb. Ancaq böhran böyüyərsə və xarici güclər bir-birinə qarışarsa, o zaman mənzərə dəyişə bilər. Belə ki,  İsrailin baş naziri Naftali Bennetin İran “min kəsimlə öldürülməlidir” fikirləri, İranın parçalanması demək ola bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*