İran İsrail və Qərblə normallaşma prosesinə başlayır? – ŞƏRHbackend

İran İsrail və Qərblə normallaşma prosesinə başlayır? - ŞƏRH

Məlum olduğu kimi, İran prezidenti Məsud Pezeşkian ABŞ-yə səfəri çərçivəsində bir neçə vacib açıqlama ilə gündəmə gəlib. Belə ki, o, İsrail və Qərblə münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib.

Maraqlıdır, həqiqətənmi, İran İsrail və Qərblə normallaşmaya gedəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan normallaşdırma yolunda atılacaq addımlardan danışıb:

“İran prezidenti Məsud Pezeşkianın İsraillə bağlı verdiyi mesajda vurğulayıb ki, münasibətlərin normallaşması üçün İsrail silahı yerə qoymalıdır. Yəni münaqişəyə son verilməlidir. Yalnız bu halda münasibətlər tənzimlənə bilər. Qeyd etdiyim kimi, Pezeşkian İsraili silahsızlaşdırmaya çağırır. Qərblə münasibətlərin normallaşmasına gəldikdə isə şübhəsizdir ki, burada əsas məqam nüvə proqramının şəffaflığından başlayır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Mariano Qrossini ilə sözügedən ölkənin XİN başçısı görüşüb və tərəflər arasında gələcək məsələlər müzakirə olunub. Məsud Pezeşkian seçkiqabağı kampaniyası zamanı da nüvə proqramı və Qərblə nünasibətlərin normallaşmasına çalışacağını açıqlamışdı. Daha əvvəl Həsən Ruhani və Məhəmməd Xatəmi də bu prosesə cəhd göstərib. Amma sonraki dövrdə hər iki şəxs mühafizəkar xətt tərəfdarları tərəfindən tənqid olundu”.

Ekspert qeyd edib ki, Məsud Pezeşkianın bəyanatları ali rəhbər ayətullah Əli Xamenei ilə razılaşdırılıb:

“Prezdentin Qərb və İsraillə bağlı bəyanatları Əli Xamenei ilə razılaşdırılıb. Pezeşkian dövlətdə ikinci şəxsdir və dini liderin tapşırıqlarını icra edir. İran regionda nüfuz sahibi olduğunu göstərmək üçün Qərblə gərginliyi azaltmağa çalışır. Bir zamanlar ziddiyyətlər kəskinləşdi, indi isə vəziyyəti yüngülləşdirmək lazımdır. Qeyd etdiyim kimi, onun açıqlamaları da bu yöndədir. Lakin müxalif qüvvələr və KİV dövlət başçısını buna görə sərt tənqid edəcəklər. Bəzən vəziyyət o həddə çatır ki, XİN prezidentin açıqlamalarına aydınlıq gətirir. İranda islahatlar aparmaq elə də sadə deyil. Bu istiqamətdə ciddi tənqidlərin olacağı istisna deyil”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*