Yaxın Şərqdə – İsraillə “Hizbullah” arasında vəziyyət yenidən gərginləşib. İddialara görə, “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində qruplaşmanın lideri Həsən Nəsrullah öldürülüb.
Görəsən, İranın dəstəklədiyi qüvvənin liderinin öldürülməsi adıçəkilən ölkənin birbaşa İsraillə qarşıdurmaya girməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Tural İsmayılov vəziyyətin getdikcə qəlizləşdiyini bildirib:
“İsraillə Livan “Hizbullah”ı arasında vəziyyət hər zaman gərgin olub. Çünki sözügedən təşkilat İsraili özünə hər zaman təhlükə hesab edir. Rəsmi Təl-Əviv anlayır ki, qruplaşma da onların dövlət olaraq varlığını istəmir. Ona görə də gərginlik getdikcə dərinləşir. Hadisələrin gedişatı qəliz görünür. Bölgə ilə bağlı ümidverici nəsə baş vermir. Aydındır ki, “Hizbullah”ın, “Husilər”in, “Həmas”ın idealoji dəstəkçisi İrandır”.
Ekspert İranın birbaşa əməliyyatlara qatılacağını düşünmür:
“İsrail İranın adıçəkilən qruplaşmaları dəstəklədiyinin fərqindədir. Rəsmi Təl-Əviv hazırda uğurlu əməliyyatlar keçirir. Ümumiyyətlə, onlar bu gərginliyə əvvəlcədən hazırlıq görüblər. “Həmas” rəhbərinin öldürülməsi, bundan başqa, kiber hücumlar buna nümunədir. İran özü də anlayır ki, İsraillə birbaşa qarşıdurmaya girmək bölgə üçün fəlakətlərə gətirib çıxaracaq. Ona görə də İranın İsraillə birbaşa aktiv döyüş əməliyyatlarına qatılacağını düşünmürəm”.
Məlik Məlikov,
KONKRET.az