“İran narkotik biznesinin əsas ixrac yolunu itirmək istəmir” – Zəngəzur dəhlizinə buna görə razı deyil?backend

“İran narkotik biznesinin əsas ixrac yolunu itirmək istəmir” - Zəngəzur dəhlizinə buna görə razı deyil?

Son günlər İran və Rusiya arasında gərginlik yaranıb. Tehran Rusiyanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsini doğru hesab etmir. İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və istənilən geosiyasi yeniliklərə qarşı olduğunu bəyan edib. 

Tehranın Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxdığını xatırladan politoloq Turan Rzayev KONKRET.az-a açıqlamasında prezidentin dəyişməsinə baxmayaraq, İranın xarici siyasətində ciddi korrektələr edilmədiyini deyib:

“Tehran Zəngəzur dəhlizinə yenə “qırmızı xətt”i kimi baxır. Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qırmızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə qarşı çəkilib. Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni 10 Noyabr bəyanatında hər hansı ərazi ilhaqından deyil, maneəsiz hərəkətin təmin olunmasından bəhs olunur”.

Politoloq İranın narkotik biznesinin əsas ixrac yolunu itirmək istəmədiyini düşünür:

“İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindəndir. Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları minimum səviyyədədir. Bəzi məhsulların keçidi isə yoxlanışsız və ödənişsizdir. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır. İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi isə həmin biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, burada nəzarəti Rusiya edəcək. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil”.

Politoloq onu da vurğulayıb ki, “3+3” formatında nəzərdə tutulmuş iclas, eləcə də İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü Kremlin təklifidir:

“Moskva İranın narahatlığını bilir və anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə belə bir görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni tərəflərin maraqları nəzərə alınaraq dəhlizin açılması mümkündür”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*