“İran səfiri arzuolunmaz şəxs elan edilə bilər” -MÜSAHİBƏbackend

"İran səfiri arzuolunmaz şəxs elan edilə bilər" - MÜSAHİBƏ

İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyətinə son verməsi ilə bağlı KONKRET.az-a eksklüziv müsahibə verib.

– Cümşüd müəllim, Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinə son verdi. Diplomatik əlaqələrin kəsilməsi nədən xəbər verir?

– Beynəlxalq təcrübəyə görə, bir ölkənin başqa bir ölkədəki səfirliyinin fəaliyyətinin dayandırılması həmin ölkə ilə diplomatik böhranın olduğuna dəlalət edir. Azərbaycanla İran arasında da uzun müddət idi ki, problemlər var idi və zaman-zaman Azərbaycan bu problemin aradan qalxmasına çalışdı, lakin İran bunu eləmədi. Əksinə, həm Vətən müharibəsindən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra öz bildiyini elədi. Daha doğrusu, Ermənistanın yanında oldu, Ermənistanı dəstəklədi və hər zaman Azərbaycanı hədələdi. Sonuncu damla da, yəni Azərbaycanla İran arasında diplomatik əlaqələrin kəsilməsi Tehrandakı Azərbaycan səfirliyinə olan hücum və səfirlik işçilərimizin birinin şəhid olması, digərlərinin isə yaralanması ilə oldu. Bu, bir daha təsdiqlədi ki, bu, terror idi və bu terrorun arxasında İran dövləti dayanırdı. Azərbaycan da bu addımı atmalı idi.

– Azərbaycan bu dəfə İsraildə səfirlik açmaqla pararlel olaraq, İrandakı səfirliyinin fəaliyyətinə son verdi. Bəs, bu, nə anlama gəlir?

– Azərbaycanın İsraildə səfirlik açması çoxdan baş verməli idi. Əslində, uzun müddət Azərbaycan İrana hörmət əlaməti olaraq münasibətləri gərginləşdirmək istəmədi və İsrail dövləti də bunu anladı. Amma artıq biz İsraildə səfirliyimizi açmışıq və Yaxın Şərqdə tərəfdaşlarımızdan biri də İsrail dövlətidir. Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir və eyni zamanda İsrailin həm dünya informasiya məkanında, həm də dünya maliyyə bazarında imkanları daha böyükdür. Həmçinin, Azərbaycanın haqq işində İsrail həmişə yanımızda olub. Ona görə də Azərbaycan milli maraqlarına uyğun olaraq İsraildə səfirlik açmağa qərar verib.

– İranın Azərbaycandakı səfirliyinin aqibəti necə olacaq?

– Bu, daha çox İran dövlətindən asılıdır. Çünki biz səfirliyimizin əməkdaşlarını təxliyyə etməklə, diplomatik fəaliyyətə son verdik. Bu da o deməkdir ki, Azərbaycan öz tələbinin yerinə yetirilməsini istəyir. Yəni İran Azərbaycandan üzr istəməli və bu terroru hazırlayan güclər mütləq ortaya çıxmalıdır. Çünki İran özü çox yaxşı bilir ki, bu terror aktını kimlərin əliylə hazırlayıb. Amma həmişə olduğu kimi, İran bu dəfə də hər şeyi üzünə-gözünə bulaşdırdı. Yəni İranın tülkü xisləti artıq işə yaramır. Əgər, Azərbaycan İranla diplomatik əlaqələri tam kəsəcəksə, İran da Azərbaycandan çıxmaq məcburiyyətində qalacaq. Ya da ola bilər ki, Azərbaycan İran səfirini arzuolunmaz şəxs elan etsin. Çünki Azərbaycanın bu məsələdə konkret mövqeyi var.

– Səfirliyin fəaliyyətinə xitam verilməsinə baxmayaraq, Təbrizdəki konsulluğumuzun fəaliyyəti davam edir. Bəs, konsulluğun təhlükəsizliyinə necə əmin ola bilərik?

– Əslində, elə bir təminatımız yoxdur. Amma bir məsələ var ki, Təbriz tamamilə türklərin nəzarətindədir. Yəni oradakı konsulluğa İranın təhlükəsizlik orqanlarının əliylə təxribat törədilməsinə inanmıram. Çünki İran mollaları nə qədər səviyyəsiz olsa da, bunu həyata keçirmək istəməzlər. Amma yəqin ki, Azərbaycan konsulluq səviyyəsində fəaliyyətini saxlayacaq. Çünki düşmən olanda belə, ölkələr konsulluq səviyyəsində əlaqələrini davam etdirirlər. Təbrizdə də Azərbaycan konsulluğunun qalması Azərbaycanın maraqlarına uyğundur.

– Bütün bunların fonunda gələcək perspektivdə bizi nələr gözləyir?

– Bu məsələdə xoş bir perspektiv gözləmirəm. İran bu addımı atmaqla, əksinə, Azərbaycanın imkanlarını artırdı. Azərbaycanı dəstəkləyən dövlətlər birmənalı şəkildə çoxaldı, bir neçə ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı. Bununla da Avropa ölkələrinin İrana qarşı sanksiyaları artacaq. Görünən odur ki, mollaların başı başqa işlərə qarşıb, onların yalnız terror səviyyəsində imkanları var. Normal dövlət kimi fəaliyyət göstərə bilmirlər. Azərbaycan isə öz maraqlarına uyğun hərəkət etməyə davam edəcək. İran onsuz da hədəfdə idi, lakin həyata keçirdiyi bu ağılsız terror aktından sonra həm də bütün İslam dünyasının hədəfinə çevrildi. İran bölgədə bir özü qaldı, bir də bacısı Ermənistan. Ermənistan da onları tərk edəcək. Çünki Ermənistan onu dövlət edən Rusiyanı satıb, İranı satmaq onun üçün heç nədir. İstənilən halda, Azərbaycan Cənubdakı soydaşlarının problemləri ilə məşğul olmağa davam edəcək. Bu da o deməkdir ki, Azərbaycan-İran müansibətləri ən azı siyasi-diplomatik qarşıduruma səviyyəsinə keçə bilər.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*