İran uranın zənginləşdirilmə səviyyəsini 60 faizdən təxminən 3,6 faizə endirməyə hazırdır. Bu barədə İsrailin Kan News telekanalı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nəşrin ərəb rəsmisinə istinadla yaydığı məlumata görə, əsas mübahisə mövzusu İranın bir neçə yüz kiloqrama çatan zənginləşdirilmiş uran ehtiyatları və onların necə neytrallaşdırılması məsələsidir.
Məlumata əsasən, İran zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasına razılıq vermir və yalnız zənginləşdirmə səviyyəsinin azaldılmasını təklif edir. Buna qarşılıq olaraq, ABŞ bütün uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasında israr edir.
“Əsas maneə İranın sahib olduğu böyük həcmdə uran ehtiyatlarıdır. Tehran bu materialın ölkədən çıxarılmasını istəmir və yalnız zənginləşdirmə səviyyəsini azaltmağa hazırdır. ABŞ isə bütün ehtiyatların xaricə daşınmasını tələb edir”, – deyə mənbə bildirib.
Mütəxəssislərin fikrincə, tərəflər arasında bu məsələdə razılığın əldə olunması İranın nüvə proqramı ilə bağlı danışıqların gələcək taleyində həlledici rol oynaya bilər.
Natiq Səlim,
KONKRET.az
