“İran Ermənistandan ən qısa müddətdə Gorus bölgəsində son dövrlər Azərbaycan Cümhuriyyəti tərəfindən bağlanan yola alternativ (cayqozin) olan yol çəkməsini gözləyir.”
KONKRET.az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib. O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin “İrandan Ermənistana gedən” yük maşınlarını saxlayaraq “gömrük rüsumu kimi pul aldığını” deyərək, səfirliyin bu “problemi” ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib.
Zühuri daha sonra iddia edib ki, 44 günlük 2-ci Qarabağ savaşından sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, “Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi”.
Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycanın qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib və “İnşallah bu problemin həll olunması” üçün səylər göstərildiyini deyib. Qeyd edək ki, Azərbaycan İranla Ermənistanın ticarət əlaqələrinə müdaxilə etmir. Yalnız İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir. Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də bunun faydası olmamışdı və nəhayət Tehrana bununla bağlı etiraz notası (یادداشت اعتراض) təqdim edilmişdi. Amma səfirin dedikləri bir daha sübut edir ki, İran hələ də Qarabağda qalan, müsəlman Azərbaycan xalqını qətliam edən erməni işğalçılarının tör- töküntülərinə yardım edərək onların yenidən azərbaycanlılara qarşı soyqırımı, işğal və qətliam törətməsinə göz yumacaq. İran mətbuatında ən diqqət çəkən yazılardan biri “Qafqaz.ir“ saytında Zühurinin dediklərini “İranın İrəvandakı səfirinin iranlı sürücülərin problemlərini həll etmək yönündə vədi” başlıqlı xəbərdir. Bir neçə gün bundan öncə Azərbaycanı təhdid edən Ərdəbilin baş axundu Həsən Ameliyə tabe olan bu sayt daim güya “Azərbaycanda şiələrin sıxışdırıldığını” iddia edərək, anti-Azərbaycan xəbərləri yaymaqla tanınır. Bəs görəsən indi şiə Qarabağ əhalisini qətliam edən ermənilərə İran yük maşınlarının içərisində nə olduğu məlum olmayan yüklər daşıması qarşısında yaranmış “əngəl”in həll olunmasına səfirin “söz verməsini” Qafqaz saytı niyə belə böyük şövqlə dərc edir? //Azad İran