İran Zəngəzur dəhlizini buna görə istəmir – Ermənistanın xeyrinə olan İLGİNC SƏBƏBLƏRbackend

İran Zəngəzur dəhlizini buna görə istəmir - Ermənistanın xeyrinə olan İLGİNC SƏBƏBLƏR

Bu gün Yer kürəsində silahlı münaqişələrin alovlandığı 30-dan çox qaynar nöqtə var. Zaman-zaman alovlanan qaynar nöqtələrdən bəziləri sönsə də, sonra yenidən münaqişə ocağına çevrilərək daha geniş miqyas alır. Tarixi, etnik, dini və ən əsası siyasi səbəblərdən yaranan münaqişə ocaqlarından biri də Cənubi Qafqazdır. Cənubi Qafqaz regionundakı Dağlıq Qarabağ problemi zaman-zaman partlayan saatlı bomba effekti yaradıb. Bu problem əsasən iki dövlət – Azərbaycan və Ermənistan arasında mövcud olsa da, o, öz orbitinə həm regional dövlətləri – İran İslam Respublikası (İİR) və Türkiyəni, həm də qlobal oyunçuları – Rusiya, İsrail, ABŞ və Avropa Birliyini cəlb edib.

Cənubi Qafqazda gedən proseslərlə bağlı KONKRET.az-a açıqlama verən Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Vladimir Sajinin sözlərinə görə, regionda qeyri-müəyyən, bəzən bir-birinə zidd olan ikitərəfli, üçtərəfli və çoxtərəfli münasibətlərin dolaşıqlığı formalaşıb. Aktyorların hər biri dünyanın bu mühüm regionunda öz maraqları uğrunda mübarizə aparır:

“Bu regionda İran İslam Respublikası ilə Azərbaycan arasındakı münasibətlər xüsusilə diqqət çəkir. Bu, başa düşüləndir. İran dünyada yeganə ölkədir ki, Azərbaycan, Ermənistan və Qarabağla həmsərhəddir. İran hərbi-siyasi doktrinasının əsas nəzəri konsepsiyalarından biri – “İran modeli üzrə İslam inqilabının ixracı” hələ SSRİ-nin dağılmasından əvvəl həyata keçirilməyə başlandı. Daha sonra müstəqil Azərbaycanda iranlı vaizlərin siyasi, ideoloji və dini fəaliyyəti daha da gücləndi. O zaman bu, dindar olmayan Bakının və bütün keçmiş sovet Azərbaycan xalqının mənfi reaksiyasına səbəb oldu. Birinci Qarabağ müharibəsi (1991-1994) Tehranın mövqeyini önə çəkdi.

İran ilkin olaraq azərbaycanlı şiə vətəndaşlarına kredit, silah və sursat tədarükü ilə bağlı dəstək verirdi. Bununla da yəqin ki, ideyalarının uğurlu ixracına ümid bəsləyirdi. Lakin tezliklə Bakının Türkiyə, ABŞ və İsraillə münasibətlərinin güclənməsi ilə Tehranın oriyentasiyası xristian Ermənistanın xeyrinə dəyişməyə başladı. İkinci Qarabağ müharibəsində (2020) İran ermənipərəst siyasətini davam etdirdi. Baxmayaraq ki, Tehran hələ Birinci Qarabağ müharibəsi zamanı itirilən çoxsaylı ərazilərin Azərbaycana qaytarılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Beləliklə 2020-ci il noyabrın 10-da Moskvanın tərəfdaşlığı ilə saziş imzalandı və Qarabağın bir hissəsi, o cümlədən ona bitişik ərazilər Azərbaycanın nəzarətinə keçdi. Eyni zamanda, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının formalaşdırılması istiqamətində razılıq əldə olundu.

Şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi İranla Azərbaycan arasında münasibətlərin soyumasına öz təsirini göstərdi. Nəticə etibarı ilə Ermənistana açıq-aşkar üstünlük verilməsi İranın silahlı qarşıdurmada vasitəçilərdən birinə çevrilməsinə imkan vermədi. İran atəşkəsin bağlanması və sazişin hazırlanması prosesindən kənarda qaldı. Bu, İranın Qafqazın nüfuzlu dövləti kimi imicinə təsir etdi və Tehranda müəyyən narazılığa səbəb oldu. Bəlkə də bunun nəticəsidir ki, Tehran Zəngəzur dəhlizi məsələsində İrəvanın tərəfini tutdu. Nəticədə Azərbaycanın Naxçıvan anklavını ölkənin əsas ərazisi ilə birləşdirməli və Türkiyəyə quru yolu təmin etməli olan marşrut hələ də reallaşdrılmamış qalır”.

Vladimir Sajin bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi hamıya məlumdur: “Ermənistan öz ərazisində (40 km) pulsuz nəqliyyat əlaqəsini təmin edir. Bakı Türkiyənin açıq dəstəyi ilə kommunikasiyanı açmaq niyyətindədir. Prinsipcə, Ermənistan bu marşrutun öz ərazisindən açılmasının əleyhinə deyil, amma bütün infrastruktun İrəvanın nəzarətində olmasını istəyir. Amma İranın Zəngəzur dəhlizinə münasibətini təkcə formal narazılıqlar deyil, əməli addımlar da formalaşdırır. Tehran yeni nəqliyyat marşrutunun Bakı tərəfindən gələcəkdə İran-Ermənistan-Gürcüstan-Rusiya marşrutunu bağlamaq üçün bəhanə kimi istifadə oluna biləcəyindən ehtiyat edir.

Üstəlik, Tehran Türkiyənin İrana yaxın bölgələrdə aktiv hücum siyasətindən narahatdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi qərbdə Şoray və Araks çaylarının qovuşmasından tutmuş Şərqdə Astaraya qədər İranın bütün şimal sərhədlərində Türkiyə-Azərbaycan nəzarətinə şərait yaradacaq. İran və Ermənistan üzərindən malların və enerji resurslarının tranziti Ankara və Bakının nəzarətinə keçəcək. Bu, şübhəsiz ki, İranın ilk növbədə Qafqaz regionunda hərbi-siyasi və ticarət-iqtisadi mövqelərini zəiflədəcək. Prezident Əliyevin sözlərinə görə, artıq Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Zəngilanda dəmir yolu, avtomobil yolu çəkilir, hava limanları tikilir. Prezident Əliyev deyir: “Hesab edirəm ki, biz öz ərazimizdə işləri iki ilə başa çatdıracağıq. Çünki burada işlərin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu 1-1,5 il çəkə bilər. Biz bunu gözləyirik”.

Əliyevin bu çıxışı ilə yanaşı noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (OTG) IX sammitində Türkiyənin sərgilədiyi qlobal təşəbbüslər də İranı narahat edir. Qafqazda Türkiyə ilə tarixi qarşıdurmanın tərkib hissəsi kimi İran öz maraqlarını qorumağa və bu ölkənin regionda mövqelərinin birtərəfli güclənməsinin qarşısını almağa çalışır. Eyni zamanda, Ankaranın rəsmi Bakıya dəstək verməsi Azərbaycanı Türkiyənin regionda ən yaxın müttəfiqinə çevirdiyini açıq şəkildə ortaya qoyur. Tehrana görə, Ankara  öz siyasəti ilə Qafqazda geosiyasi tarazlığı pozur”.

Rusiyalı ekspert daha sonra diqqəti İranda yaşayan 40 milyonluq etnik azərbaycanlılara yönəldir: “Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu faktı diqqətdən kənarda qoymadı və qeyd etdi ki, ölkənin hüdudlarından kənarda yaşayan 40 milyonluq azərbaycanlı dövlətin sosial müdafiəsi üçün imkanlardan məhrumdur: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaları, azərbaycançılıq ideologiyasına sadiq qalmaları, tarixi ilə heç vaxt əlaqəni kəsməmələri üçün səylərimizi davam etdirəcəyik”. Əliyevin çıxışı İranda qıcıqla qarşılandı və onlar Azərbaycan Prezidentinin kimdən danışdığını mükəmməl şəkildə başa düşdülər.

Əliyevin açıqlamaları İran Məclisinin deputatlar korpusunu da təşvişə saldı. İranlıların fikrincə, Azərbaycan rəhbərliyi İranla münasibətləri daha da korlamaq qərarına gəlib. Onlar hesab edirlər ki, prezident Əliyevin İran əhalisinin əhəmiyyətli bir hissəsi haqqında söylədiyi fikirlər siyasi rezonansdır ki, bu da Tehran və Bakı arasında münasibətlər üçün ciddi diplomatik nəticələrə səbəb ola bilər. Doğrudan da, hər iki tərəfdən kəskin reaksiya gəldi. Demək olar ki, eyni vaxtda İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini çağırdı. Azərbaycan Xarici İşlər Nazirliyi də eyni addımı atdı. Hazırda İrəvanla Tehran arasında genişlənən hərbi-texniki əlaqələr də Bakını qane etmir. İranın hərbi şirkətlərinin rəhbərləri Ermənistana səfərlərini artırıblar. Hərbi-diplomatik əlaqələr intensivləşib.

2021-ci ilin yanvarında İrəvanda İran İxrac və İnvestisiya Mərkəzi yaradılıb. Açılış mərasimində İranın hərbi sənaye kompleksinə daxil olan lazer, rabitə sistemləri və pilotsuz uçuş aparatları (PUA) istehsalçılarının nümayəndələri iştirak ediblər. İranlı analitik Ehsan Mokhavedian vurğulayıb: “Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın “Zəngəzur dəhlizi” yaratmaq imkanlarını azaldacaq”. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) təkcə Azərbaycanda deyil, onun ətrafında da vəziyyəti diqqətlə izləyir. 2021-2022-ci illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanla sərhəddə bir sıra iri təlimlər keçirib. Rəsmi Bakı isə öz siyasətində təkcə Türkiyəyə diqqət yetirmir. İsrail indi Azərbaycanın mühüm tərəfdaşıdır. İki ölkə arasında münasibətlər 2010-cu ildə formalaşmağa başlayıb.

O vaxtdan bəri iki ölkə arasında əlaqələr bir çox istiqamətlərdə möhkəmlənib və inkişaf edib. 2021-ci ildə Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 928,5 milyon dollar təşkil edib. Eyni zamanda, İsrail Azərbaycan neft alışı çox olan ikinci dövlətdir. Öz növbəsində Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycan İsraildən silah və hərbi texnikanın alınmasına görə üçüncü yerdə qərarlaşıb. Hələ 2011-ci ildə bağlanmış və 1,6 milyard dollar dəyərində olan müdafiə müqaviləsi çərçivəsində Azərbaycan İsrail texnologiyaları əsasında pilotsuz uçuş aparatları istehsal edir. İsrail Bakını hava hücumundan müdafiə sistemləri və digər ən müasir hərbi texnika ilə təmin edir. Üstəlik, hərbi-texniki əməkdaşlığın getdikcə artan həcmləri heç də həmişə iki ölkə arasındakı ticarət dövriyyəsinin rəsmi statistikasına düşmür ki, bu da öz göstəricilərinə görə Azərbaycanı İsrailin müsəlman tərəfdaş ölkələri arasında liderə çevirir. Bakı İsraildən “Aerostar”, “Orbiter-2M”, “Orbiter-3”, “Orbiter-1K”, “Hermes-450”, “Heron-1” pilotsuz təyyarələri alıb. Azərbaycan ən son nəsil “Sky Striker” taktiki sursatlarının ilk xarici alıcısı olub. Aydındır ki, bu cür kütləvi alışlar hərbi-siyasi razılaşmaların nəticəsidir”.

Sajinin fikrincə ABŞ son zamanlar Qafqazda anti-İran siyasətini gücləndirməyə başlayıb: “Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib: “İran region üçün təhlükədir. Biz tərəfdaşlarımızın (Azərbaycan da daxil olmaqla) yanında olmağa, onları dəstəkləməyə və İranın öz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozan təsirlərinə qarşı durmağa davam edəcəyik”. Görünən odur ki, son zamanlar ABŞ-Azərbaycan münasibətlərində hərbi komponent qeyd olunur. Belə ki, noyabrın 12-də Bakıda müdafiə nazirinin müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ABŞ-ın Azərbaycandakı hərbi attaşesi Kayl Metyu Konunu qəbul edib.

Bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib ki, ölkəsi  tərəfindən göstərilən yardım Azərbaycana cənub sərhədinin qorunmasına kömək etmək məqsədi daşıyır. Beləliklə, İranın əsasən ermənipərəst mövqe tutması, Azərbaycan və Ermənistan arasındakı münaqişədə vasitəçilik səylərinin uğursuzluğu,  Tehran üçün tamamilə məqbul olmayan atəşkəs şərtləri, Türkiyənin Cənubi Qafqazda artan nüfuzu, Bakının İranın geosiyasi maraqlarını nəzərə almadan tərəfdaş seçimində müstəqilliyi İran-Azərbaycan münasibətlərinə gərginlik gətirən amillərə çevrildi.

Lakin bütün bunlara baxmayaraq, regional kontekstdə həddən artıq ortaq cəhətləri olan İran İslam Respublikası və Azərbaycan dinc və yanaşı yaşamağa məhkumdur. Deyəsən, hər iki dövlət bunu başa düşür. Səbəbsiz deyil ki, noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub. Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı hər iki tərəf dostluq münasibətlərinin möhkəmlənməsinin və yarana biləcək anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıblar”, – deyə rusiyalı politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az     

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*