İranda etirazların SON NÖQTƏSİ: Qarşıda iki ssenari var – “Olum ya ölüm” – ANALİZbackend

İranda etirazların SON NÖQTƏSİ: Qarşıda iki ssenari var – “Olum ya ölüm” - ANALİZ

Bu gün İran ölkədə davam edən genişmiqyaslı iğtişaşlarla xarakterizə olunur. Hansı ki, etirazların miqyası hakimiyyət üçün dözülməz həddə çatıb. Amma bu iğtişaşlar hələ inqilabdan əvvəlki vəziyyət səviyyəsində deyil.

Qeyd edək ki, İranda etirazlar artıq özünün səkkizinci həftəsinə qədəm qoyur. Hələlik nümayişçilərin əzminin zəiflədiyini göstərən heç bir əlamət yoxdur. Görünən odur ki, İran prezidenti İbrahim Rəisinin etirazların zəifləməsi haqda səsləndirdiyi fikirlər hazırki proseslərlə daban-dabana ziddiyyət təşkil edir. İranın Kürdüstan əyalətindən başlayan nümayişlər indi bütün ölkəyə yayılıb. Baş verən hadisələri yaxından izləyən ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu noyabrın ilk günlərində İranın 11 vilayətinin 15 şəhərində ən azı 30 etiraz aksiyası keçirildiyini açıqlayıb. Məşhəd, Sənəndəc, Marivan və bir çox başqa şəhərlərdə iğtişaşlar baş verib. Etirazçıların şüarları artıq “məcburi hicabın ləğvi” və ya “Qadınlar, həyat, azadlıq!” çağırışları ilə məhdudlaşmır. Nümayişçilər indi açıq şəkildə İranı son 40 ildə idarə edən islamçı rejimin devrilməsini istəyirlər. Çoxsaylı hesabatlara baxsaq, “diktatora ölüm”, “sistemə ölüm” kimi şüarları tez-tez eşidə bilərik.

Bu arada, etirazları tez bir zamanda dağıtmaq üçün rejimin istifadə etdiyi adi üsullar artıq nəticə vermir. Əvvəllər ölkənin böyük ərazilərində internetin bağlanması, daha sonra isə ifrat güc tətbiqi aksiyaların dayandırılmasına səbəb olurdu. Məhz bunun sayəsində mövcud rejim 2009 və 2019-cu illərdə baş verən  genişmiqyaslı nümayişləri yatıra bilmişdi. Bu dəfə isə vəziyyət tam fərqlidir. Elə ona görə də, İran hökuməti təmkinli davranmaq fikrindən daşınaraq silahsız nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə etmək qərarına gəlib.

Osloda yerləşən İran İnsan Haqları təşkilatının hesablamalarına görə, noyabrın 6-na kimi İran hakimiyyətinin etirazları yatırtmaq cəhdləri zamanı 186 nəfər öldürülüb. Təşkilat xüsusilə, Sistan və Bəlucistanda 118 etirazçının öldüyünü qeyd edib. Bəzi müşahidəçilər hesab edir ki, ölkənin bir çox yerlərində keçirilən etirazlarda qadınların aktiv iştirakı hakimiyyətin daha sərt taktikalara əl atmasının qarşısını almağa kömək edir. İranda vəziyyət sanki uç nöqtəsinə yaxınlaşır. Hakimiyyət etirazları dayandıra bilmir. Hazırkı rejim isə onun nüfuzunu sarsıdan iğtişaşların davam etməsinə qeyri-müəyyən müddətədək dözə bilməz. Lakin digər reallıq ondan ibarətdir ki, etirazçılar hələ İranda hakimiyyətin devrilməsi məsələsini gerçəkləşdirə bilməyiblər. Başqa sözlə desək, hazırda rejimə qarşı təzyiqlərin səviyyəsi İran hakimiyyətinin mövcudluğunu təhlükə altına qoyacaq həddə çatmayıb.

Hazırda İranda davam edən nümayişləri hakimiyyəti ələ keçirmək planının bir hissəsi kimi hədəfləyən inqilabi rəhbərlik yoxdur. Ona görə də, müşahidəçilər tez-tez etirazların bu cür qeyri-müəyyən və mərkəzləşdirilməmiş xarakterinə işarə edirlər. Ancaq hər bir halda İran səhnəsinə yeni, qorxmaz və fəal nəslin çıxması müşahidə edilir. Lakin hakimiyyəti ələ keçirmək üçün son nəticədə siyasi və ya hərbi aspektləri olan mütəşəkkil hərəkat lazımdır. Bundan əlavə, İranın təhlükəsizlik qüvvələrində ciddi fikir ayrılıqlarının və parçalanmanın izi görünmür. Hərçənd bu faktorun özü rejimin devrilməsi üçün əsas rolu oynaya bilər.

İran etirazları hələ inqilaba çevrilməyib. Bu o deməkdir ki, həm hakimiyyət, həm də nümayişçilər qarşılarında açılan yeni mərhələdə çətin seçim qarşısındadırlar. Dünyaca məşhur “Wall Street Journal”ın son hesabatında rejimin diqqəti yayındırmaq üçün regional gərginliyi süni şəkildə artırmağa cəhd göstərdiyinə dair fikirlər yer alıb. Məlumata görə, rejim ya Səudiyyə Ərəbistanına, ya da Kürdüstanın cənubundakı hədəflərə qarşı hərbi hücumlar planlaşdıra bilər. Səudiyyə Ərəbistanına qarşı hər hansı bir hücumun Yəmən və ya İraq tərəfdən həyata keçirilməsi ehtimalı var. Cənubi Kürdüstanda isə əksinə, İran rejiminin öz qüvvələrindən istifadə edəcəyi gözlənilir. Artıq İraqdakı kürd hədəflərinə qarşı əməliyyat presedenti mövcuddur. Belə ki, sentyabrın 28-də Tehran İraqda yerləşən İran kürd qruplaşmalarına raket zərbələri endirib. Məqsəd İrandakı etirazları “xarici silahlı təşkilatlar tərəfindən idarə olunan” bir cinayət kimi təqdim etməkdir. Etirazlar xarici təhlükəsizliyə təhdid kimi qələmə verildikdən sonra onlara qarşı daha çox güc tətbiq olunacağı bəllidir. Çox güman ki, qarşıdakı dövrdə rejimin seçəcəyi istiqamət bu olacaq. Ancaq bu ideyanın özü də İran hökuməti üçün çox risklidir.

Qeyd etmək lazımdır ki, etirazları dəstəkləyən bir çox iranlı ölkədə “Suriya” ssenarisinin təkrarlanacağından qorxur. Çünki rejimin daha çox güc tətbiqi İranda mülki silahlı münaqişəyə yol açacaq. Müxalifətin xüsusən də Kürdüstan, Sistan və Bəlucistanda bəzi silahlara çıxış imkanları mövcuddur. Bununla belə, bir çox müşahidəçilər vaxtından əvvəl silah istifadəsinə qarşı xəbərdarlıq edirlər. Çünki bu, hakimiyyətə axtardığı bəhanəni vermiş olacaq. Hər halda qarşıdakı dövrdə İranda inqilabın, yaxud “Suriya” ssenarisinin olacağı görünəcək. İstənilən halda İranda inqilabi dinamika uçma nöqtəsinə yaxınlaşır. Bundan sonra proses ya kəskinləşməli, ya da səngiməlidir.

Müşviq Tofiqoğlu,

KONKRET .az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*