İranın Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Musəvi Fransa Prezidenti Emannuel Makronun İranda tutulan fransız vətəndaşlarının sərbəst buraxılması tələbini rədd edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Musəvi Makronun tələbinə Twitter hesabından cavab yazıb: “Fransızlar, İranın suveren bir ölkə olduğunu, nə hökumətimizin, nə də məhkəmə orqanlarımızın başqalarının tövsiyələrini qəbul etməyəcəyini unutmamalıdır. Daxili işlərimizə müdaxilə bizim üçün qəbuledilməzdir”.
Xatırladaq ki, “Science Po” Siyasi Araşdırmalar İnstitutunun əməkdaşları – Fransa vətəndaşı Roland Marşal və Fransa və İran vətəndaşı Fəribə Adilxah İranın milli təhlükəsizliyinə xələl gətirmək ittihamı ilə həbs olunublar.
Bunu yolverilməz hesab edən Fransa tərəfi dəfələrlə İran Xarici İşlər Nazirliyini həmin şəxsləri azad etməyə səsləyib.
Hazırladı: Günel MUSEYİB