“Hərbi zərbələr İranın nüvə proqramına zərər vursa da, proqram tamamilə məhv edilməyib. İranın uranı zənginləşdirmə imkanlarının hələ də mövcud olması isə region ölkələri üçün yeni təhlükəsizlik çağırışları formalaşdırır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Aytən Qurbanova səsləndirib. Bildirib ki, nə 12 günlük İran–İsrail müharibəsi, nə də ABŞ-ın İranın nüvə mərkəzlərinə endirdiyi zərbələr proqramın sıradan çıxması anlamına gəlir:
“Paylaşılan qeyri-rəsmi məlumatlar göstərir ki, vurulan zərbələr İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsi ilə bağlı əldə etdiyi nailiyyətlərə ciddi şəkildə təsir göstərməyib. Bu isə o deməkdir ki, Tehran bu istiqamətdə addımlarını davam etdirir”.
Politoloqun sözlərinə görə, İranın radikal kəsiminin xarici siyasətdə aqressiv ritorikadan istifadəsi regional və qlobal təhlükəsizliyi ciddi şəkildə risk altında qoyur:
“İranın nüvə başlıqlarına sahib olması ehtimalı mövcud şəraitdə beynəlxalq təhlükəsizlik üçün, eyni zamanda regional sabitlik üçün mühüm təhdidlər formalaşdırır”.
Aynurə İsmayıl
KONKRET.az