İran Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Rusiya ilə və ya Rusiyasız ABŞ-ın dəstəklədiyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun Cənubi Qafqazda reallaşmasına mane olacaq.
KONKRET.az xəbər verir ki, Vilayəti “Tasnim” agentliyinə müsahibəsində sözügedən layihəni “sui-qəsd xarakterli” adlandırıb və onun regionun geosiyasi xəritəsini dəyişdirəcəyini, sərhədləri tərpədəcəyini iddia edib. O, marşrutu “Trampın mülkiyyətində olan koridor yox, muzdlu əsgərlərinin məzarlığı” kimi xarakterizə edib.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyanat imzalanıb. Sənədin ayrıca bəndində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, Ermənistan ərazisində ABŞ-ın dəstəyi ilə xüsusi nəqliyyat marşrutunun yaradılması nəzərdə tutulur.
Vilayəti bildirib ki, İran əvvəldən bu layihəyə qarşı çıxıb və Türkiyə ilə Azərbaycanın bu istiqamətdəki səyləri fonunda İran Silahlı Qüvvələrinin şimal-qərbdə hərbi təlimlər keçirməsi bunun göstəricisidir.
O, həmçinin Trampı “səs-küylü, amma boş sözlər danışmaqda” ittiham edərək, “O, özünü daşınmaz əmlak agenti kimi aparır, guya icarəyə torpaq götürmək istəyir” deyib. Vilayətinin sözlərinə görə, bu marşrut Cənubi Qafqazın təhlükəsizliyinə təhdiddir və Rusiya da strateji baxımdan ona qarşıdır.
Natiq Səlim,
KONKRET.az