İranla sərhədlər bu səbəblərdən bağlanmır – AÇIQLAMAbackend

İranla sərhədlər bu səbəblərdən bağlanmır – AÇIQLAMA

Dünyanı cənginə alan koronavirus artıq Azərbaycanın bir addımlığında – qonşu İranda da aşkarlanıb.  İranın Qum, Gilan, Tehran və digər şəhərlərində koronavirusa yoluxma təhlükəsi ilə onlarla insan xəstəxanaya yerləşdirilib. Artıq virus səbəbi ilə ölüm faktları da qeydə alınıb. Qonşu ölkədə bu ölümcül təhlükənin aşkar edilməsi Azərbaycanda da təşvişə səbəb olub. Hər gün  İran-Azərbaycan sərhədini, eləcə də əks istiqaməti yüzlərlə insanın keçdiyini nəzərə alsaq, bu dəhşətli virusun Azərbaycanda yayılma ehtimalının nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz.

Görəsən, belə çətin və təhlükəli bir dönəmdə İran-Azərbaycan sərhədi niiyə bağlanmır? Sərhədin bağlanmamasına hansı amillər təsir göstərir?

Vüqar Bayramov

Vüqar Bayramov: “İrandan idxalda çətinlik yaranarsa, bu ölkəmizdə kənd təsərrüfatı məhsullarının və quru meyvələrin qiymətinə öz təsirini göstərəcək”

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin fikirlərini öyrənməyə çalışıb.  Ünvanladığımız sualları cavablandıran tanınmış iqtisadçı Vüqar Bayramov diqqəti hər iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinə yönəldib. İqtisadçı bildirib ki, İran ölkəmizin ən əsas iqtisadi tərəfdaşlarından biridir: “Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 446 milyon dollardır. Ticarət dövriyyəsindən 400 milyon dollardan çoxunu Azərbaycanın İrandan idxalı təşkil edir. Eyni zamanda Azərbaycan İrana  31,2 milyon dollarlıq məhsul ixrac edir. Statistik rəqəmlərdən də göründüyü kimi biz daha çox İrandan məhsul alırıq. Qonşu ölkədən idxalımız, ixracımızdan 13 dəfə çoxdur. Kənd təsərrüfatı məhsullarının, quru meyvələrin, eləcə də məişətdə istifadə olunan yüngül sənaye mallarının qonşu ölkədən idxalı həyata keçirilir. Sərhədlər bağlanmasa belə İranda Koronavirus təhlükəsinin yaranması, Azərbaycanla qonşu ölkə arasında ticarət dövriyyəsinə mənfi təsir göstərəcək. İrandan Azərbaycana idxal edilən məhsulların həcmində azalmalar müşahidə ediləcək. Xüsusən də kənd təsərrüfatı və tərəvəz məhsullarının həcminin azalması fonunda bu özünü biruzə verəcək. Bizim üçün yeganə alternativ Türkiyə məhsullarıdır. Lakin Türkiyədə kənd təsərrüfatı məhsulların qiyməti İranla müqayisədə baha olduğundan, bu ölkəmiz üçün sərfəli deyil.

Qadir İbrahimli

Ona görə də İrandan idxalda çətinlik yaranarsa, bu ölkəmizdə kənd təsərrüfatı məhsullarının və quru meyvələrin qiymətinə öz təsirini göstərəcək. Belə ki, qiymət artımı qaçılmaz olacaq. Eyni zamanda bəzi dərman məhsullarının da qonşu ölkədən gətirildiyini nəzərə alsaq, o zaman İranla sərhəddin bağlanması istehlak bazarımıza təsirsiz ötüşməyəcək. Amma hər bir halda sərhəddin bağlanması Koronavirusa qarşı tədbirlərin tərkib hissəsi olmalıdır”.

Qadir İbrahimli:” Hökumət  insanların təhlükəsizliyini əsas götürərək sərhədləri bağlamalıdır”

İqtisadçı Qadir İbrahimli də mövzuya qısa münasibət bildirib. İqtisadçı qeyd edib ki, sərhədlərin bağlanması həm də siyasi qərar olmalıdır: “Ancaq hesab edirəm ki, İranla sərhədlərin bağlanması sosial mühitə, xüsusən də sərhəd rayonlardakı insanlara mənfi təsir göstərəcək. Görünür hökumət həm də bunu nəzərə alaraq sərhədləri bağlamağa tələsmir. Ancaq hökumət daha rasional qərarlar qəbul etməlidir. Yəni qısamüddətli sosial gərginlik, yoxsa insanların təhlükəsizliyi sualı qarşısında ikinciyə üstünlük verilməlidir. Hökumət  insanların təhlükəsizliyini əsas götürərək sərhədləri bağlamalıdır”.

Fazil Mustafa

Fazil Mustafa: “Məsələni ləngitmədən sərhədləri bağlamaq lazımdır”

Milli Məclisin deputatı Fazil Mustafa saytımıza müsahibəsində bildirib ki, məsələni ləngitmədən sərhədləri bağlamaq lazımdır: “Çünki  virusun Azərbaycana yayılma ehtimalı çox böyükdür. İranla nəhəng ticarət dövriyyəsinə malik olan Türkiyə artıq bütün sərhədləri bağlayıb. Epidemiyanın inqubasiya müddətinin 2 həftə olması çox böyük təhlükə yaradır. Bütün bunlar nəzərə alınmalıdır”.

Fazil Mustafanın sözlərinə görə, bu barədə bir sıra rəsmilərlə söhbət aparıb və sərhədlərin dərhal bağlanmasının vacibliyini diqqətə çatdırıb: ”İranla sərhədləri bağlamalıyıq ki, təhlükənin qarşısını vaxtında almaq mümkün olsun. Hökumət də bu məsələni müzakirə edir. Təbii ki, ölkəmiz üçün təhlükə yaranarsa, bu həm iqtisadi, həm də mənəvi zərbə olacaq. Səhiyyə sistemimizin İran və Türkiyə ilə müqayisədə zəif olması, təhlükənin nəticələrinin aradan qaldırılmasında böyük çətinlik yaradacaq. Hökumət səviyyəsində müzakirələr gedir və çox güman ki,  sərhədlərin bağlanması istiqamətində təcili qərar qəbul olunacaq”.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*