İrəvanın ermənilərə hansı şəraitdə verilməsi, Azərbaycan xalqı üçün doğru-düzgün əks olunması həyati əhəmiyyətə malik məsələdir.
KONKRET.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov REAL-a müsahibəsində bildirib. Akademikin fikrincə, ölkə başçısı real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar.
Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək. Dövlət başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda İrəvan, Qarabağ və Naxçıvanın tarixinin araşdırılması istiqamətində aparılan tədqiqatlar daha da genişləndirilib. İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub. Tarix İnstitutu əldə olunan sənədlər əsasında bir neçə kitabların çap olunmasına nail olub və kitablar bir çox xarici dillərə də tərcümə edilib.
Bəs, necə olub ki, tarixən Azərbaycan ərazisi olan İrəvan mahalı ermənilərə verildi? Azərbaycan Milli hərəkatının üzvlərini 1918-ci ildə belə qərar vermələrinə nə səbəb oldu? Danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürmüşdü. Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi.
Yəni erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, ermənilər, çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.
Bütün bunları nəzərə alaraq akademik Yaqub Mahmudov Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələ qaldırmasını vacib hesab edir. Tarixçinin fikrincə erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır.
Hörmətli akademikmizin təkliflərini kim həyata keçirməlidir?Aydındır ki məsələ beynəlxalq müstəvidə olduğu üçün bu ilk növbədə xarici işlər nazirliyinin öhtəsinə düşürXarakterindən asılı olmayaraq bütün beynəlxalq tədbirlərdə bu məsələ azərbaycan üçün prioritet olmalıdır.Sadə insanlar isə beynəlxalq şəbəkə vasitəsilə bu doğru tarixi məlumatları dünyaya yaymalıdırlar .Belə etsək ölkə rəhbərinin ən yüksək səviyyələrdə bununla əlqədar qaldırdığı tələblərə böyük dövlətlər və dünya ictimaiyyəti ciddi yanaşmağa məcbur olar..Problemlərin həllinə ilk öncə zəmin yaratmaq haqqında düşünmək vacibdir.