Bu günlərdə Ermənistan cəmiyyətində ən çox araşdırılan və tənqid edilən məsələlərdən biri də Türkiyə ilə sərhəd qapısının açılıb-açılmayacağıdır. Ələlxüsus Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın parlamentdə çıxış edərkən verilən bir suala “Türkiyənin Ermənistanla sərhəddini qapalı tutması üçün artıq bir səbəb yoxdur” şəklində cavab verməsi onsuz da müəyyən ölçülərdə davam etməkdə olan diskussiyanı alovlandırdı.
Nazirliyin mətbuat katibi Anna Naqdalyan da “Sərhədi qapadan Ermənistan deyil, bu səbəblə, Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı sual öncəliklə Türkiyəyə yönəldilməlidir” deyərək, yüksələn reaksiyaların qarşısını almış oldu.
Verilən reaksiyaların mərkəzində duran yanaşmaya görə, bu dəfə sərhəd qapısının açılması halında, Türkiyə siyasi, iqtisadi və ən önəmlisi, psixoloji üstünlük əldə edəcək.
Bu yöndə qayğılar artarkən, digər yandan da seçki kampaniyası dövründə sözdə “erməni soyqırımı”nı tanıyacağını söyləyən Baydenin dövründən gözləntilər davam edir. Erməni alimi Arman Qriqoryan qatıldığı bir verilişdə “Türkiyə sərhəd qapısının açılmasına uzun müddət ərzində “xeyr” deməyimizə izin verməyəcək” deyərək, bu məsələ ilə bağlı yekun həmlənin Türkiyənin təşəbbüsünə qaldığını vurğulayır. Hətta bəzi təhlilçilər Ermənistanın bu məsələdə istəkli olduğu halda, sözdə “soyqırımı” iddialarından geri addım atmalı olacaqlarını irəli sürürlər.
Xatırlayırsınızsa, 1993-cü ildə Qarabağ işğal edilərkən, Türkiyə tərəfindən birtərfli olaraq qapadılan sərhəd qapısı ən son 2009-cu ildə başladılan “yumşalma” səylərinin artdığı dövrdə gündəliyə gəlmişdi. Ermənilərin işğal altındakı bəzi rayonlardan geri çəkilməsi halında, əlaqələrin normallaşması ilə bağlı addım atıla biləcəyi danışılmışdı.
Ancaq indi ortada artıq bambaşqa bir tablo vardır… Görünən odur ki, 44 gün davam edən savaşdan sonra rayonların hamısının azad edilməsi Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması ilə bağlı daha əhatəli və çoxyönlü hədəfləri önə çıxarıb.
Bunun müəyyən əlamətlərini 10 dekabrda Prezident Ərdoğanla Prezident Əliyevin birgə keçirdiyi mətbuat konfransında görmüşdük. Həmin konfransda Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və Ermənistandan ibarət altılı bir platformanın qurulmasından bəhs edilmiş və regional inteqrasiyanın önəmi vurğulanmışdı.
Prezident Ərdoğan belə demişdi: ”İndi bu regional sülhün region ölkələrinə gətirəcəyi yüklər vardır. Bu yüklərdən irəli gələn bir çox infrastruktur, bərpa və quruculuq, siyasi, diplomatik vəzifələr vardır. Bu gün də qardaşıma söylədim, əgər bu məsələ ilə bağlı müsbət addım atılarsa, biz də qapalı olan qapılarımızı açarıq. Yetər ki, addım atılsın, bizim də “Qapılarımızı Ermənistana qapadaq” deyə bir dərdimiz yoxdur. Biz sülhün göyərçini olmaq istəyirik, Ermənistan xalqına bir kinimiz yoxdur, sıxıntı yaradan Ermənistan hakimiyyətidir. Mənim ölkəmdə ermənilər var. Vətəndaşlıq haqqı əldə edəni də var, etməyəni də. Biz onları da qəbul edirik”.
Anlaşılan odur ki, keçmişdə işğal altında saxladıqları torpaqlardan kozır kimi istifadə edən Ermənistan hakimiyyəti 10 noyabr anlaşması əldə edildikdən sonra bu imkanı itirdiyinə görə, Dağlıq Qarabağın tanınması xəyalını nə bahasına olursa-olsun canlı saxlamaq istəyir. Başda “Naxçıvan dəhlizi” olmaqla, atəşkəsin təminatı olan nəqliyyat dəhlizlərinin açılmasında əsas problemlərdən biri Ermənistanın yaşadığı bu dərin ziddiyyət olacaqdır.
Mərkəzi Yerevanda olan bir düşüncə qurumunun direktoru Riçard Qiraqosyan, Rusiyanın belə, öz torpaqlarına uzanacaq bir dəmir yolunun təməlinin atılması düşüncəsilə, normallaşmaya getməsi üçün Ermənistana təzyiq edə biləcəyini ortaya qoyur. Ona görə, Rusiya həm Avrasiya İqtisadi Birliyini genişləndirmək üçün, həm də Gürcüstana qarşı bu addımı ata bilər. /Strateq.az
Açıqcası, Ermənistanın bu yanaşma ilə nə sərhəd qapısının açılmasına, nə də regional inteqrasiyaya lazım olan töhfəni verməsi mümkün olacaq…
Professor Gürşad Zorlu
“Habertürk”, Türkiyə, 12 fevral 2021-ci il