Sahibkarların gəlir vergisinin artırılmasına qarşı növbəti etiraz aksiyası İrəvanın Respublika meydanında keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.
İştirakçılar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Etirazçılar Ermənistan İqtisadiyyat Nazirliyinə də məktub göndərərək, nazir Gevorq
Papoyanla görüş tələb ediblər.
“Nazir mütəmadi olaraq sahibkarlarla görüşüb təkliflərimizi müzakirə edəcəyinə söz verib, lakin indiyədək heç bir müsbət addım görməmişik”, – fəallardan biri bildirib.
O vurğulayıb ki, vergi dərəcəsinin artırılması ilə yanaşı, sahibkarları icbari inventarlaşdırma, eləcə də qızıl ticarətində həllini tapmamış problemlər narahat edir.
Xatırladaq ki, fevralın 27-də Ermənistan hökumətinin iclasında 2025-ci il iyulun 1-dək keçid dövrünün tətbiqi barədə qərar qəbul edilib. Sahibkarlara yeni vergi tələbləri tətbiq edilmədən ötən il aldığı malları müvafiq sənədləri olmadan satmağa icazə verilir.
Lakin etirazçılar hesab edirlər ki, bu tədbir yalnız müvəqqəti güzəştdir və gəlir vergisinin artırılması ilə bağlı əsas problemləri həll etmir. İş adamları yeni siyasəti “iqtisadi terror” adlandırırlar.
Növbəti aksiya aprelin 14-nə təyin edilib. İştirakçılar onların hüquqlarını pozduğuna və kiçik biznesin mövcudluğuna təhlükə yaradan yeni qanunun tamamilə ləğvini tələb edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az