“Ermənistan atəşkəsi mütəmadi olaraq ona görə pozur ki, Azərbaycanla sərhəddə kənar xarici qüvvələrin yerləşdirilməsinə nail olsun”.
KONKRET.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın atəşkəsi pozması hallarının artıq mütəmadi xarakter alması fonunda bu təxribatlara nədən son qoyulmamasına aydınlıq gətirərkən deyib:
“Düşmən ölkə özgə torpaqlara göz dikmək siyasətini davam etdirməsi fonunda növbəti sarsıdıcı zərbəni alacağından ehtiyat edir. Məhz onun qarşısını almaq üçün də İrəvan Azərbaycanla sərhəddə hansısa xarici qüvvələrin yerləşərək, onlara təminat vermələrində maraqlıdır. Ona görə də atəşkəsi pozmaq kimi təxribatları intensiv olaraq davam etdirirlər”.
Həmsöhbətimiz bildirdi ki, bu cür əməllərlə ermənilər bölgədə gərginliyin olmasını istədiklərini ortaya qoyurlar:
“Gərginlik fonunda düşmən ölkə çalışır ki, əlavə təhlükəsizliyin təmini üçün Ermənistanla Azərbaycan arasındakı mövqelərdə hansısa xarici qüvvələr yerləşsin. Düşmən ölkənin vəziyyəti ağırdır. Bir tərəfdən, sərhədlərin təsdiq olunmasını istəmir. Hesab edirlər ki, iki ölkə arasında qarşılıqlı olaraq sərhədlərin tanınması Qarabağın onlar üçün itirilməsi demək olacaq. Ermənistan “miatsum” layihəsini, yəni başqa ərazilərə iddialar irəli sürüb, onları özlərinə birləşdirmək layihəsini davam etdirmək istəyir. Düşmən ölkə məhz bu istiqamətdə təbliğatı davam etdirmək niyyətindədir. Ancaq artıq onların bu layihəsi mümkün olmayacaq”.