“Şirazdakı Şahçerağ ziyarətgahında baş verən silahlı insidentin terror hadisəsi olması məsələsi araşdırılmalıdır. Hadisənin silahlı hücum olması faktdır, amma bunu kimin törətməsi məsələsi hələ ki müəmmalıdır. Konkret olaraq bunu İŞİD-in törətməsi barəsində fikir söyləmək isə çətindir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi iranşünas Sədrəddin Soltan deyib.
O, ötən gün İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahında baş verən və 2 nəfərin ölümü ilə nəticələnən növbəti terror hadisəsinin pərdəarxası məqamlarından söz açıb.
Xatırladaq ki, bundan öncə də ötən ilin oktyabrında həmin ziyarətgahda növbəti silahlı insident baş vermiş, nəticədə 15 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.
S. Soltanın fikrincə, əgər belədirsə, onda bu, o deməkdir ki, İŞİD-in İran ərazisində qruplaşması fəaliyyət göstərir:
“İran hakimiyyəti isə indiyə qədər ölkə ərazisində İŞİD-in mövcudluğu ilə bağlı açıqlama verməyib. Adətən, İranda terroru Xalq Mücahitləri Təşkilatının (MEK), “Ceyşulla”nın, PKK-nın İran qolunun, ayrı-ayrı qruplaşmaların və bəlucların adına yazırlar. Yəni İranda İŞİD-in adına terror hadisənin törədilməsi ilə bağlı elə də böyük bir fikir yoxdur. Odur ki, İŞİD məsələsi bir qədər şübhəlidir”.
İranşünas əlavə edib ki, bu məsələyə başqa yanaşmalar da ola bilər:
“Bundan öncə Şahçerağda törədilən terror hadisəsi zamanı İran hakimiyyəti bunu Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarının həyata keçirdiyini bildirmişdi. Sonradan terrorçunu edam etdi, amma o Azərbaycan vətəndaşının kimliyi hələ də bu günə qədər məlum deyil. Bu, ona əsas verir ki, İran hakimiyyəti terroru törədənlər və terror hadisəsi ilə bağlı bir çox hallarda manipulyasiya edir, yalandan məlumat verir ki, bu, terrordur, amma, əslinə qalsa, terror hadisəsi deyil”.
Müsahibimiz xatırladıb ki, bir müddət əvvəl Zahidanda İmamcümə işləmiş Ayətullah Süleymanini bankda qətlə yetirmişdilər:
“Bunun adını da terror qoydular, lakin sonra hadisə ilə bağlı ictimaiyyətə açıqlama verilmədi. Çünki Süleymani uzun müddət Zahidanda işləmişdi, Ayətullah Xameneinin Bəlucistan üzrə nümayəndəsi olmuşdu. Onu da öldürdülər və bunun adını terror qoydular, bəlkə şəxsi zəmində olmuşdu? Ona görə də ikinci dəfə Şahçerağda baş verən hadisənin terror olduğunu söyləmək çətindir. Əgər birinci dəfə orada hadisə baş vermişdisə, deməli, İran hakimiyyəti orada təhlükəsizlik tədbirlərini gücləndirməliydi, amma etmədilər. Nəticədə o ərazidə yenidən silahlı insident baş verdi”.
Siyasi şərhçi hesab edir ki, bunu beynəlxalq güclərin adına yazmaq düzgün olmaz:
“Çünki beynəlxalq güclər insanları öldürmək kimi məsələlərlə İran hakimiyyətində narazılıq yaratmırlar. Əksinə, ölkədə etiraz aksiyası keçirmək üçün əldə kifayət qədər əsaslar var. Digər tərəfdən, Məşhəddə İmam Rza Məqbərəsində də terror aktları baş verib. Eləcə də məscidlərlə silahlı insidentlər çox olub. O vaxtı İran hakimiyyəti bu yolla cəmiyyətdə təzyiqləri və nəzarəti gücləndirmişdi. Mənə elə gəlir ki, bu hadisə hakimiyyətin ölkə üzrə nəzarəti gücləndirməsinə bir əsasdır. Mənim üçün əsas məsələ hakimiyyətin bu tip insidentlərdən sonra ölkədə vətəndaşlara təzyiq etmək, cəzaları sərtləşdirmək marağının olmasıdır”.
“Şübhəsiz ki, bu hadisə ilə bağlı rejimə qarşı olan bir qrup fəalı həbs edəcəklər. Bu tip hadisələr əvvəllər də olub. Çünki İranda nə istintaq, nə də məhkəmə şəffaf olmadığı üçün İran hakimiyyəti özünə qarşı olan qüvvələri, ayrı-ayrı ictimai-siyasi fəalları neytrallaşdırmaq üçün bu tip hadisələrdən istifadə edir, fəalların bu hadisə ilə bağlı əlaqəsini axtarır. Odur ki, İŞİD-in adının burada hallanması, məncə, şübhəlidir. İŞİD-in İŞİD Xorasan adında bir terror təşkilatı var, Əfqanıstan ərazisində yerləşir, iddiaları böyükdür. Amma İŞİD Xorasanın İranda elə də böyük bir aksiya keçirməsinin şahidi olmamışam. İran hakimiyyətinin yaydığı informasiyanı isə ciddi qəbul etmirəm”, – o, fikirlərini tamamlayıb.