Onlar tək Şuşaya yox, Xızı, Bakı istiqamətində də o raketlərdən istifadə ediblər – Deputatbackend

Onlar tək Şuşaya yox, Xızı, Bakı istiqamətində də o raketlərdən istifadə ediblər - Deputat

Ermənilər Vətən müharibəsi dövründə dinc insanları, cəbhə xəttindən xeyli uzaqda – 60-70 km məsafədə yerləşən şəhərlərimizi müxtəlif güclü növ raketlərlə atəşə tutdular. Həmin raketlərin adları hamıya məlumdur. O cümlədən onlar Rusiya tərəfindən nə vaxtsa onlara həddiyyə olunmuş, verilmiş “İskəndər” raketlərindən də istifadə ediblər. Mən ona görə hədiyyə olunmuş, verilmiş deyirəm ki, o tip raketlər kifayət qədər bahalı silahlardır. İqtisadi cəhətdən böhran vəziyyətində olan bir dövlətin o raketləri pulla almaq imkanı yoxdur. Bu, məsələnin bir tərəfidir.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib.

O vurğulayıb ki, ölkələrin istehsal etdiyi heç də bütün silahları satmağa ixtiyarı yoxdur. Bununla bağlı beynəlxalq normalar və qadağalar mövcuddur:

“Bəli, Rusiya “İskəndər E” raketlərini sata bilər. Ancaq Azəbaycan ərazisinə, eləcə də Şuşa şəhərinə atılan raket “İskəndər M” tiplidir. Bunlar da Rusiyanın özünün istifadəsi üçün, daxili arsenalda qalması üçün nəzərdə tutulmuş silahlardır. İndi bu raketlərin ermənilərin əlinə necə düşməsi, ermənilərə hansı yolla verilməsi müzakirə mövzusudur. Yaxud ola bilsin ki, ermənilərə verilməyib, başqa bir dövlətdə olub. Söz-söhbət gəzir ki, guya o raket sistemləri Ermənistana hansısa yollarla Suriyadan gətirilib. Yaxud başqa variantlar da ola bilər. Raket sistemlərinin sahibləri vasitəsilə də nə isə ola bilər. Yəni, burada çox qaranlıq, aydınlaşdırılmasına ehtiyac duyulan məqamlar var. Bu da təbii ki, dövlətlərarası münasibətlərlə bağlıdır. Yəni, bu tipli raket ermənilərin əlinə necə düşüb, yaxud onu kim, hansı məqsədlə atıb”.

Elman Məmmədov deyib ki, məqsəd bir idi:

“Artıq ermənilər Şuşanın əldən çıxdığını tam dərk edəndən, azərbaycanlılar Şuşanı düşməndən təmizlədikdən sonra onlar həmin raketlər vasitəsilə şəhəri tamamilə darmadağın etmək niyyəti ilə ora sözügedən raketləri atıblar. “İskəndər” operativ taktiki raket kompleksi vasitəsilə raket buraxılışı bir dəqiqə fasilə ilə həyata keçirilir. Bu raketlər Şuşa boyda şəhəri tamamilə məhv etmək gücünə malikdir. Ermənilər də bu məqsədlə həmin raketlərdən istifadə ediblər ki, Şuşa tamamilə məhv olsun. Şuşada olan, şəhəri azad edən azərbaycanlı hərbçilər də şəhərlə birgə məhv edilsin. Ancaq hansısa səbəblərdən buna nail ola bilməyiblər. Yəqin ki, istifadə zamanı texniki məsələlərdə problem yaranıb”.

Deputat bildirib ki, “İskəndər” raketlərindən istifadə olunması ilə bağlı hələ müharibə günlərində məlumatlar yayılırdı:

“Müharibə başa çatandan bir neçə gün sonra da məlumatlar getdi ki, onlar tək Şuşaya yox, Xızı, Bakı istiqamətində də o raketlərdən istifadə ediblər. Azərbaycan Hava Hücumundan Müdafiə və Hərbi-Hava Qüvvələri o raketləri göydə məhv ediblər. Yəni, raketlər heç bir zərər verə bilməyib”.

Elman Məmmədov qeyd edib ki, bununla bağlı araşdırmalar aparılmalıdır:

“O raketlərin istehsalçısı olan dövlətlə bizim münasibətlərimiz normaldır. Təbii ki, onlardan soruşulmalıdır ki, o raketlər, həm də məlum modeli ermənilərə niyə verilib? Əgər verilməyibsə, o raketlər kim tərəfindən atılıb? Nə cür əldə edilib? Məqsəd nə olub? Burada aydınlaşdırılmasına ehtiyac duyulan çox maraqlı və qaranlıq məqamlar var. Burada bir məqam da var: Azərbaycanın işğal olunmuş ərazilərini o günə salan, darmadağın etmiş bir dövlətə belə dağıdıcı silahların verilməməsi haqqında düşünmək lazım idi. Bunlar (ermənilər) heç bir qaydaya baxmayan, heç bir beynəlxalq qanunla hesalaşmayan bir toplumdur. Onlara satılan, verilən silahların həddi, gücü və sayı barədə fikirləşmək lazımdır”.

Deputat əlavə edib ki, Ermənistana verilən silahlar barədə hələ müharibənin getdiyi günlərdə Prezident İlham Əliyev tərəfindən dəfələrlə məsələ qaldırılıb:

“Cənab Prezident müharibə günlərində və ondan sonra verdiyi müsahibələr zamanı bu məqama bir neçə dəfə toxundu. Qeyd etdi ki, Ermənistanın iqtisadi durumu məlumdur. Bizim ordumuz Ermənistanın bu müharibə ərzində bir neçə milyard dollarlıq silah-sursatını məhv edib və qənimət götürüb. Bu qədər silah-sursatı bunlar necə, hansı pulla əldə ediblər? Təbii ki, onların bunu pul verərək alması mümkün deyildi. Onlara həmin silah-sursat bu illər ərzində kimlər tərəfindən və nə məqsədlə verilib? Təbii ki, məqsəd məlumdur: bizə qarşı istifadə etsinlər deyə. Ancaq niyə verilib? Bax, bu məsələlər məncə Rusiya-Azərbaycan yüksək səviyyəli danışıqlarında aydınlaşdırılmalıdır. Bu cinayətkar-terrorçu dövləti cilovlamaq üçün onların silahlanma sistemi heç olmasa bundan sonra silahlara nəzarət üzrə beynəlxalq təşkilatların çox ciddi nəzarət altında saxlanılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*