“İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əlində cəmləşdirilib və qapalı bir hala gətirilib”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.
O bildirib ki, Azərbaycanın elmi idarə sistemində unikal bir vəziyyət yaranıb: “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezdenti Ramiz Mehdiyev rəhbər statusunda elmi və mənəvi haqqını itirib, buna görə, elmi-ictimai fikir onun istefasını gündəmə gətirib. Bu prosesin geri dönüşü yoxdur. Artıq əsas diqqət Akademiya sistemində köklü dəyişikliklər və islahatlara yönəlməkdədir. Bu barədə müasir tələblərə cavab verən bir neçə variant təklif etmək olar, lakin bütün hallarda bir məsələ aydındır: Akademiyanın problemlərindən demək olar ki, təcrid olunub, İstiqlaliyyət küçəsindəki tarixi binada yerləşən Rəyasət Heyəti adlı bürokratik quruma yeni sistemdə yer olmayacaqdır. Optimallaşdırılmış yeni rəhbər idarəedici korpusun müvafiq hüquqi prosedurlar daxilində bu binanı tərk edərək, Akademiya əməkdaşlarının böyük bir hissəsinin çalışdığı Cavid prospektindəki Akademiya şəhərcəyinə köçürülməsi məqsədəuyğun olardı”.
Professor qeyd edib ki, Akademiyanın idarə edilməsinin təkmilləşdirilməsi ilə eyni zamanda, daha bir tarixi ədalət bərpa edilməlidir: “İsmailiyyə”nin tarixi adı özünə qaytarılmalı və ictimai istifadə üçün açılmalıdır. Bu binada Azərbaycan incəsənətinə və mədəniyyətinə aid gözəl bir muzey, yaxud yeni çağırışlara cavab verən müasir bir mərkəz yaratmaq, onu xalqın və Azərbaycana gələn turistlərin baş çəkməsi zəruri olan obyektlər sırasına daxil etmək olar. “İsmailiyyə” Azərbaycan sahibkarlığının, ictimai-siyasi tarixinin və memarlığının möhtəşəm abidlələrindən biridir. Bu binanı neft sahibkarı Musa Nağıyev (1842-1919) Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikdirmiş, həyatdan vaxtsız getmiş oğlu Ağa İsmayılın (1875-1902) şərəfinə “İsmailiyyə” adlandırmışdır. Binanın 21 dekabr 1908-ci ildəki təməlqoyma mərasimində şəhər sakinləri ilə birgə, Azərbaycanın H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov, İ. Hacınski və digər məşhur sahibkarları da iştirak etmişdir. Layihəsi Bakıda bir sıra görkəmli memarlıq tikililərinin müəllifi olan polyak İosif Ploşkoya məxsus olan bu binanın tikintisi 1913-cü ilin əvvəllərində başa çatdırılmışdır. Bu zaman dünya və Azərbaycan siyasi və iqtisadi sarsıntıların astanasında idi. Az sonra Birinci Dünya müharibəsi, Rusiya imperiyasının dağılması və post-imperiya dövrünün təlatümləri başlamışdır”.
Direktor vurğulayıb ki, “İsmailiyyə” binası Azərbaycan tarixinin gərgin səhifələrinin nəinki şahidi, həm də iştirakçısı olub: “Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilmişdi. Ölkənin bir sıra ictimai və siyasi təşkilatları bu binada yerləşmişdir. Təsadüfi deyil ki, “İsmailiyyə” 1918-ci ilin mart soyqırımı dövründə erməni-daşnak qüvvələrinin məqsədyönlü hücumuna məruz qalmış, talanmış və yandırılmışdı. Bu dağıntılar sovet hakimiyyətinin qurulmasınadək davam etmişdir.
Sovet hakimiyyəti zamanı bu binanı sökmək qərara alınmış, lakin yerli sakinlərin etirazından sonra, bu baş tutmadığından bərpa edilmişdir. Bərpadan (1922-1923) sonra “İsmailiyyə” Türk Mədəniyyət Sarayı adlandırılmışdır. 1923-cü ildən Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (1923-1929) burada yerləşmişdir. Birinci türkoloji qurultay (1926-cı ilin fevral-mart) bu binanın iclas zalında keçirilmişdir.
Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin bazasında yaradılan elmi kollektivlər də fəaliyyətini burada davam etdirmişdir. “İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə AMEA-nın Rəyasət Heyətinin əlində cəmləşdirilmiş və qapalı bir hala gətirilmişdir. Azərbaycan xalqı və şəhərin qonaqları bu memarlıq incisinin yalnız fasadını müşayiət etməklə kifayətlənməli olmuşdur”.