İspaniya alimi Xuan Karlos İspisuanın rəhbərliyi altındakı ekspertlər qrupu ilk dəfə olaraq insanın kök hüceyrələrini meymunun modifikasiya olunmuş embrionuna yerləşdirməyə müvəffəq olub. Əldə olunan bu cür hibridə “ximera” adı verilib.
Musavat.com xarici agentliklərə istinaədən bildirir ki, təcrübə barədə Mursiya şəhərinin Katolik universitetinin elmi araşdırmalar üzrə prorektoru Estrelya Nunyes məlumat verib.
“El Pais” qəzetinin xəbərinə əsasən, alimlərin əsas hədəfi transplantasiya üçün orqanların yetişdirilməsidir. X.İspisuanın komandası bunun üçün Çindəki laboratoriyada eksperiment həyata keçiriblər. Ekspertlər meymunların orqanlarının formalaşdırılmasında vacib sayılan genləri yox etmək üçün onların embrionlarını dəyişdiriblər. Daha sonra isə həmin embrionlara insan kök hüceyrələrini daxil ediblər.
Nəticə etibarilə insan hüceyrələrinə malik qarışıq embrion ortaya çıxıb. Lakin alimlər hamiləliliyi dayandırdıqları üçün bu embriondan canlı dünyaya gəlməyib.
Estrelya Nunyes nəticələrin olduqca parlaq olduğunu bildirsə də, detallar barədə məlumat veməyib. O, sonrakı eksperimentlərin donuzlar, primatlar və gəmiricilər üzərində keçiriləcəyini söyləməklə kifayətlənib.
Xəbərdə alim X.İspisiuanın 2017-ci ildə insan və donuzun hibridinin yaradılması üzərində eksperiment apardığı, lakin uğursuz olduğu bildirilib. Lakin komandanın bir-birinə yaxın canlı növləri, məsələn, siçan və siçovulun birgə embrionunun alınması üzərində təcrübələri daha müvəffəqiyyətli olub.
Qeyd emtək lazımdır ki, bu olduqca bahalı elmi təcrübələr sayılır və dəyəri yüz minlərlə avro ilə ölçülür.
Ümumiyyətlə dünyada biotibbi elmin əsas sponsorları Brləşmiş Ştatların milli institutlardır. Lakin ABŞ elmi müəssisələri insanla heyvanın ximerasına izn vermir. Buna rəğmən Müdafiə nazirliyi və Kaliforniya Regenerativ tibb institutu bu tip eksperimentlərə həvəslə dəstək göstərirlər.
Barselona Regenerativ tibb mərkəzinin direktoru Anxel Raya bu cür təcrübələrin toqquşduğu “etik hüdudları” yada salıb. “Bu kök hüceyrələr azad olub heyvanın beynində insan neyronları yaratsa, nə baş verəcək, deyə düşündünüzmü?” – ekspert sual edir. Lakin Estrelya Nunyes ekspertlərin insan hüceyrələrinin özünüməhv mexanizmlərini də işə saldığını qeyd edərək narahatlığa əsas olmadığını söyləyib.
Musavat.com