İsrail-İran: Hesab bərabərdir – Politoloq hesabın dəyişəcəyini ehtimal edirbackend

İsrail-İran: Hesab bərabərdir - Politoloq hesabın dəyişəcəyini ehtimal edir

İsrailin İrana son hava hücumundan sonra nəzərlər İrana yönəlib. Ekspertlər hesab edirlər ki, bu dəfə  İranın cavabı çox çəkməyəcək. Düzdür İranın Livandakı proksi qüvvələri İsraillə mübarizəni davam etdirir.Amma İranın İsrailə birbaşa zərbələr endirməsi gözlənilir.

KONKRET.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İranın cavab tədbirləri görmək ehtimalı yüksəkdir:

 “İran İsrailə zərbə endirdikdən sonra İsrailin də İrana cavab verəcəyi gözlənilirdi. Sadəcə iki variant var idi. İsrail İrana ya dağıdıcı, ya da məhdud zərbələr vuracaqdı. Buna görə də  Vaşinqton İsraili İrana  dağıdıcı zərbələr vurmaqdan çəkindirməyə çalışdı. ABŞ   İranın uranın zənginləşdirmə mərkəzlərinə və  neft-qaz mərkəzlərinə zərbə vurulmasına qarşıdır. Amerika bilir ki, bu baş versə İranın cavabı daha sərt ola bilər və  regionda geniş müharibənin alovlanma riski artar. Bu da, seçki öncəsi Vaşinqtonun maraqlarına cavab vermir.

İkinci variant isə məhdud zərbələr idi. Görünür İsrail Amerikanın məsləhətlərini dinlədi və məhdud zərbələr endirdi. Nə uran zənginləşdirilən mərkəzlərə, nə də neft-qaz mərkəzlərinə zərbələr vurulmadı. Halbuki İsrailin buna hər cür imkanı var və müasir raketlərə malikdir. İndi növbə İranındır. İranın da iki yolu var.  Faktiki olaraq hesab 1-1-dir. Düzdür İran İsrailə zərbə vurmağa çalışacaq. İsrail də cavabsız qalmayacaq və bütün bunlar müharibənin geniş miqyas almasına gətirib çıxaracaq. Bu da İranın maraqlarına cavab vermir. Böyük ehtimalla iran İsrailə növbəti zərbədən çəkinəcək. Amma bu o demək deyil ki, İsrail-İran qarşıdurması bununla yekunlaşacaq. İranın bölgədəki proksi qüvvələri var və Tehran silahlı qruplara hərbi texnika verir. Baxmayaraq ki, İsrail Hizbullah və  HƏMAS-ın  liderini neytrallaşdırıb, onları başsız qoyub. Amma İran onlara hərbi dəstəyini davam etdirəcək. İsrailin İranın proksi qüvvələrinə qarşı müharibəsi də davam edir. Bu, o deməkdir ki, hansısa mərhələdə yenidən birbaşa İran-İsrail qarşıdurması baş verəcək. Əgər İran həmin proksi qüvvələrə dəstəkdən vaz keçərsə artıq İsrail-İran qarşıdurması sıfıra enə bilər. Amma bunun belə olacağı ehtimalı azdır”.

Daha sonra Yaxın Şərq münaqişəsində ABŞ-nin roluna toxunan politoloq bildirib ki, Amerika indiki şərtlər altında İsrail-İran müharibəsinin əleyhinədir: “Baxmayaraq ki, İrana qarşı sanksiyalar tətbiq ediblər və İran rejimini sıxışdırmağa çalışırlar. Rəsmi Vaşinqton hesab edir ki,  İran müharibəyə qoşulsa Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər. Üstəlik İran ümumi bəhanə kimi nüvə çalışmalarını sürətləndirə bilər. Ehtimal ki, son qarşıdurmadan sonra İran nüvə proqramını tezləşdirəcək. İsrail etiraf etməsə də, İsrailin yüzlərlə nüvə silahı var. İran düşünə bilər ki, düşmənin nüvə silahı varsa onun da nüvə silahı olmalıdır. İran nüvə çalışmalarını sürətləndirərsə Qərbdə daha çox narahatlıq yaradacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*