İsrail mətbuatı Azərbaycanın yardımından yazdıbackend

İsrail mətbuatı Azərbaycanın yardımından yazdı

“Biz dəqiq bilirdik ki, Azərbaycan bu çətin anlarda İsraili dəstəkləyəcək, çünki azərbaycanlılar da oxşar miqyaslı faciələrdən əziyyət çəkiblər. Azərbaycanın yəhudi icması 30 il əvvəl baş vermiş dəhşətli Xocalı soyqırımını xatırlayır və bu, məsələyə Azərbaycanın cari baxışında rol oynayır”.

KONKRET.az xəbər verir ki, tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Azərbaycan İsrailə hərbi əməliyyatlarda necə kömək edir?” sərlövhəli məqalədə qeyd olunub ki, İsrailin əsas limanı Aşkelonun HƏMAS-ın güclü raket atəşinə məruz qalmasından sonra ölkənin Qırmızı dənizə çıxış təmin edən sahilyanı Eylat şəhərindəki limanı indi dünyanın hər yerindən neft daşınması üçün istifadə olunur. Azərbaycan isə hazırda İsrailin enerji ehtiyacının 40 faizini təmin edir və bu faizin daha da arta biləcəyi istisna olunmur.

İsraillə Azərbaycan arasında hərbi, siyasi, strateji, iqtisadi, eləcə də bir sıra digər sahələrdə uzunmüddətli əməkdaşlığın mövcudluğu diqqətə çəkilən məqalədə bu yaxınlarda “Israel Aerospace Industries” və “Azərkosmos”un Azərbaycanın adıçəkilən İsrail şirkətindən iki qabaqcıl peyk alacağına dair razılğa gəldiyi bildirilib. Sövdələşməyə İsrail tərəfinin peyklərin yaradılması və istismarı sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməsi də daxildir.

Müəllifin fikrincə, Azərbaycan nöqteyi-nəzərindən sabit neft ehtiyalarına malik bu ölkənin ehtiyac duyduğu saatda İsrailə yardım etməsi tamamilə təbiidir. Belə ki, Azərbaycanın bu yaxınlarda Ermənistana qarşı gerçəkləşdirdiyi antiterror əməliyyatının uğurla nəticələnməsində rəsmi Bakıya milyardlarla dollarlıq silah satmış İsrail əhəmiyyətli rol oynayıb. Müharibə və Sülh Araşdırmaları İnstitutunun məlumatına istinad olunan məqalədə 2015-2019-cu illər arasında Azərbaycanın illik silah alışının 60%-nin mənbəyinin İsrail olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın İsraildən aldığı ən effektiv silahlardan biri də adıçəkilən ölkənin “Aeronautics Defence Systems” şirkətinin köməyi ilə Azərbaycanın indi özünün istehsal etdiyi pilotsuz təyyarələrdir. Bundan əlavə, İsrailin “Elta Systems” şirkəti Bakıya Qarabağın rəqəmsal xəritəsini təqdim edib ki, bu da əməliyyatlar zamanı Azərbaycana ciddi üstünlük qazandırıb. Bütün bunlara əsaslanan müəllif İsrailin ehtiyac anında Azərbaycanın yanında olması səbənindən indi Azərbaycanın da ölkəsinin yanında olmasını təbii qarşılayır.

Bu ağır anlarda azərbaycanlıların yəhudi dövlətinə mənəvi dəstəyindən söz açılan məqalədə Qəzzada 1400-dən çox israillinin öldürüldüyü, 200-dən çox insanın girov götürüldüyü və bir çox başqalarının müxətlif işgəncələrə məruz qoyulduğu 7 oktyabr qırğınından sonra min nəfərdən çox azərbaycanlının İsrailin Bakıdakı səfirliyinin önünə güllər düzdüyü və həmrəylik şüarları əks etdirən plakatlar ucaltdığı diqqətə çatdırılıb. Üstəlik, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu Qəzza zolağından İsrailə qarşı raket hücumları ilə müşayiət olunan genişmiqyaslı hücumları birmənalı və qəti şəkildə pislədiyini, bu çətin günlərdə İsrailin yanında olduğunu bəyan edib. Həmin vaxt Bakıdakı məşhur Alov Qüllələri də İsrail bayrağının rəngləri ilə işıqlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*