İsrailli jurnalist və keçmiş futbolçu Eyal Berkoviçin qalmaqallı açıqlaması Yaxın Şərqdə yeni siyasi gərginlik dalğasının başlanğıcı ola bilər. O, İsrailin İranla qarşıdurmasından sonra növbəti hədəfinin Türkiyə olacağına eyham vurub. Bu bəyanat İsrailin İrana qarşı artan hücumlarından sonra regionda mümkün hədəflərlə bağlı verdiyi ilk açıq mesaj kimi qiymətləndirilir. Berkoviçin bu fikiri xüsusilə də Türkiyənin son vaxtlar İranla bağlı yürütdüyü neytral və ya zaman-zaman Tehran tərəfini müdafiə edən mövqeyi fonunda səsləndirilib. Maraqlıdır, bu cür bəyanatlar münasibətlərin daha da pisləşməsinə səbəb ola bilərmi?
Mövzunu KONKRET.az-a Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli şərh edib:
“Bu tip açıqlamalar hədə-qorxu məqsədi daşıyır və daha çox psixoloji təzyiq elementidir. Türkiyənin regional güc, NATO üzvü və böyük hərbi-sənaye kompleksinə malik ölkə olması fonunda belə bir təhdidin real hərbi əməliyyata çevrilməsi isə olduqca uzaq görünür”.
Ekspert bildirir ki, İsrailin Türkiyə ilə hərbi münaqişəyə girməsi real ssenari deyil.
“Çünki bu, təkcə Türkiyə ilə deyil, NATO ilə toqquşma riski daşıyır. Gələcək planlar daxilində İsrailin Türkiyəyə qarşı yeganə təsir vasitəsi bölgədə mümkün “Kürdüstan dövləti” ideyasını dəstəkləmək ola bilər. Bu isə Türkiyənin daxili və regional təhlükəsizlik siyasəti üçün ciddi problem hesab olunur.
Xatırladaq ki, İsrail-Türkiyə münasibətləri onsuz da son illərdə dalğalı və gərgin olub. Fələstin məsələsində fərqli mövqelər tutan bu iki ölkə zaman-zaman diplomatik qarşıdurma mərhələlərindən keçib. Berkoviçin açıqlaması bu münasibətlərin daha da soyumasına gətirib çıxaracaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az