İsraildə etiraz dalğası: səbəblər nədir?backend

İsraildə etiraz dalğası: səbəblər nədir?

“İsrailin Baş naziri Binyamin Netanyahuya qarşı etirazları tək bir səbəblə izah etmək olmaz. Bu narazılıqlar uzun illərdir davam edən çoxşaxəli problemlərin nəticəsidir. Ölkənin uzun müddətdir müharibə vəziyyətində olması cəmiyyətdə ciddi sosial və psixoloji gərginlik yaradıb.

Etirazların əsas istiqamətlərindən biri Qəzzada aparılan müharibə ilə bağlıdır. Müharibə zamanı israillilərin öldürülməsi və əsir götürülməsi cəmiyyət daxilində narazılığı artırıb. Əsir düşənlərin ailələri hökuməti bu məsələdə lazimi addımları atmamaqda günahlandırır və münaqişənin uzanmasına etiraz edirlər”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib:

Elmir Səftərov: Azərbaycan əldə etdiyi qələbələrini beynəlxalq hüquqa  əsaslandırır- ÖZƏL

“Bəzi vətəndaşlar hesab edir ki, bu müharibə Binyamin Netanyahunun siyasi hakimiyyətini qorumaq məqsədi daşıyır. Hətta hökumətin ideologiyasını dəstəkləyən bəzi qruplar belə müharibənin uzanmasının ölkəyə iqtisadi və sosial baxımdan mənfi təsir göstərdiyini düşünürlər.

Digər mühüm məsələ isə demokratik institutlarla bağlıdır. Etirazçılar məhkəmə sisteminin zəiflədiyini, demokratik prinsiplərin pozulduğunu və lazım gəldikdə cəmiyyətin səsinin susdurulduğunu bildirirlər. Bu da narazılığı daha da artırır”.

E.Səftərov vurğulayır ki, müharibənin davam etməsi insanların gündəlik həyatına da ciddi təsir göstərir.

“Enerji problemləri, sosial vəziyyətin ağırlaşması və təhlükəsizlik riskləri əhalinin həyat şəraitini çətinləşdirir. Qarşılıqlı hücumlar, raket zərbələri və ümumi qeyri-sabitlik cəmiyyətdə daimi narahatlıq yaradır.

Bununla yanaşı, qeyd edə bilərik ki, ölkədə qərarlar yalnız fərdi liderlər tərəfindən deyil, daha geniş siyasi və institusional mexanizmlər çərçivəsində qəbul olunur. Bu baxımdan Binyamin Netanyahu hakimiyyətdə olmasa belə gələcəkdə hakimiyyətə gələn şəxslərin də dövlətin strateji maraqlarını davam etdirəcəyi ehtimal edilir.

Şəxslər dəyişə bilər, lakin uzun illərdir davam edən dövlət siyasətində əsas istiqamətlərin qalması ehtimalı yüksəkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*