Türkiyə polisi İstanbulda yaşayış kompleksinin parkinqində iki avtomobildən 30 milyon ABŞ dollarının oğurlanması ilə bağlı 11 şübhəlini saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə NTV telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə fevralın 11-də İstanbulun Avropa hissəsində yerləşən Bakırköy rayonunda baş verib. İstintaqın ilkin mərhələsində İstanbul, Antalya və Kocaeli vilayətlərində yeddi nəfər saxlanılıb. Onlardan 1,6 milyon dollar və silah götürülüb. Daha sonra daha dörd şübhəli həbs olunub.
Zərərçəkən Bilal Durmaz istintaqa bildirib ki, işinin xüsusiyyətlərinə görə vəsaiti mütəmadi olaraq banka yerləşdirmək və ya çıxarmaq onun üçün əlverişli olmayıb. “Bu pula üç ay ərzində ehtiyacım yox idi, ona görə də avtomobillərdə saxlanılırdı”, – deyə o bildirib.
Araşdırma zamanı məlum olub ki, Bilal Durmaz “Taç Döviz” şirkətinin sahibinin oğludur. Şirkət rəhbəri daha əvvəl çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
