İtaliya mətbuatı Bakıdan yazdıbackend

İtaliya mətbuatı Bakıdan yazdı

Futuristik üslubda qalalar, qədimi müdafiə tikilələri və saraylar, Sovet üslubunda inşa edilmiş binalar: Bakı tarixi köklərinə nə qədər bağlı olsa da, yeniliklərə də daim açıqdır…

İlk təəssürat sizi yanılda bilər: “Şərqdəyəm, yoxsa Qərbdə? Yoxsa Birləşmiş Ərəb Əmirliklərinə gəlib çıxmışam?” – deyə çaşbaş qala bilərsiniz. Azərbaycanın dinamik şəhər olan paytaxtı Bakı Xəzər dənizinin sahilində, Abşeron yarımadasında yerləşir. Burada görəcəyiniz futuristik üslubda binalar, aynalı göydələnlər və Sovet üslubundakı tikililərin vəhdəti sizi çaşdırmasın. Hansısa prospekt boyu gəzdikcə, elə bil Paris bulvarında addımlayırsan. Hansısa hissədə isə qarşına orta ərslərə aid qala divarı çıxır. Bir yanda nərd oynayan başıpapaqlı yaşlılar, digər yanda dikdaban ayaqqabıda gəzən gənc qızlar…

Şəhəri dolaşarkən qarşınıza dəbdəbəli butiklər də çıxa bilər, toz basmış kiçik dükanlar da. Bir sözlə, Bakının çox rəngarəng ruhu var. Bura sanki fars, türk, rus, eləcə də Avropa mədəniyyətlərinin qovşağıdır. Məhz bu vəhdət Azərbaycan paytaxtını gələcəyə hədəflənmiş xüsusi məkana çevirir.

Gələcəyə doğru

Yeni, iddialı layihələr davamlı dəyişməkdə olan şəhərə tam yeni görünüş verir. Məsələn, “Flame Towers” (“Alov qüllələri”) adlandırılan alov formalı (burada ofislər, yaşayış mənzilləri və “Fairmont” otel yerləşir) 3 göydələn axşamlar düz 10 min led lampa ilə işıqlandırılır. Nəticədə göydələnlər nəhəng rəngarəng monitora çevirir.

Daha bir nəhəng tikili olan Heydər Əliyev Mərkəzi respublikanın birinci prezidenti, eləcə də hazırkı dövlət başçısının atası Heydər Əliyevin xatirəsinə inşa edilib. Memar Zaha Hadid tərəfindən layihələndirilmiş tikili əslində, daha çox muzey-mərkəz kimi fəaliyyət göstərir. O, ağ fasadının qeyri-adiliyilə diqqət çəkir.

Futurizmin bariz nümunəsi kimi isə Bakıdan 25 kilometr uzaqlıqda 40-dan çox adanın əmələ gətirəcəyi Xəzər arxipelaqında reallaşdırılmaqda olan “Azerbaijan Tower”i (tikinti işlərinin 2020-2025-ci illərdə tamamlanacağı gözlənilir) misal göstərmək olar. Deyilənə görə, 1050 metr yündürülüyü ilə dünyanın ən uca göydələni burada yerləşəcək.

Nəhəng bükülmüş xalça

Bakıda tarixlə müasirliyin qovuşduğu məkanlardan biri də memarlığı bükülmüş xalçanı xatırladan Xalça Muzeyidir. Muzeydə 10000 civarında xalça sərgilənir. Bu üçmərətəbəli binada ölkənin qürur mənbəyi olan xalçatoxuma sənəti ortaya qoyulur. Azərbaycanın xalçatoxuma sənətinin tarixi çox qədimdir.

Muzeydə gündəlik istifadə üçün olan xalçalardan tutmuş, qiymətli, rəng və naxış baxımından yüksək dizayna malik hər növ xalçaya rast gəlmək mümkündür.

Ümumiyyətlə, Bakıda gəzə biləcəyiniz maraqlı məkanlar çoxdur. Məsələn, vaxtilə neft maqnatı Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olmuş binada yerləşən Milli Azərbaycan Tarixi Muzeyi sizə tarixin dərinliklərinə baş vurmaq imkanı yaradacaq. Jan Nuvel tərəfindən dizayn edilmiş Müasir İncəsənət Muzeyində isə azərbaycanlı və əcnəbi rəssamların XX əsrin ortalarından günümüzədək olan tarixi dövrü əhatə edən əsərləri nümayiş etdirilir.

İçərişəhər

İçərişəhər Bakının tarixi yaddaşıdır. Orta əsrlərə məxsus qala divarları ilə əhatələnmiş bu qədim şəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. O, həm də türklüyün nişanəsidir (Bakı əhalisinin 90%-ni azərbaycanlılar təşkil edir).

Çox sayda döngə və dalanlarda, taxta eyvanları olan qədim evlər arasında qəfildən qarşına qədim hamamlar, köhnə karvansaraylar, suvenir dükanları və İçərişəhərin başqa atributları çıxır. Məsələn, daşdan tikilmiş 29 metrlik Qız qalası, Divanxana və ya Murad darvazasının da daxil olduğu Şirvanşahlar sarayı. Hazırda bu qədim məkanda müxtəlif restoranlar, barlar fəaliyyət göstərir. Onların interyeri daşla bəzədilib, divanların üzərinə yundan xalça və ya örtük sərilib. Burada qəlyan çəkə, çay içə, yaxud milli mətbəxin təamlarını dada bilərsiniz: plov, ət yeməkləri, meyvə qurusu. Məsələn, Azərbaycanın ənənəvi xörəklərindən olan dolma düyü, şüyüd, darçın və nanə kimi ədviyyatların qatıldığı ətin kələm, yaxud üzüm yarpağına bükülməsilə hazırlanır.

Keçmişin əks-sədası

Bakının tarixini “qara qızıl” dəyişib. O, məhz neft sayəsində hələ XIX əsrdə “qapalı şəhər”dən xarici kapitalın, müxtəlif neft şirkətlərinin axışdığı çiçəklənən şəhərə çevrilib. Dünyada ilk dəfə sənaye üsulu ilə neft 1848-ci ildə məhz Bakıda çıxarılıb. 1872-ci ildən isə burada neft yataqlarının geniş istismarına başlanılıb. Artıq 1905-ci ildə dünyada çıxarılan neftin 50%-i Bakının payına düşürdü.

Daha sonra buraya öz dəbdəbəli mənzilləri, klassik üslublu sarayları, daş döşənmiş küçələrilə şəhərdə Avropa ruhlu və kosmopolit izlər qoymuş Rokfellerlər, Rotşildlər və Nobel qardaşları kimi neft maqnatları axın ediblər. Ardından geniş meydanlar, Sovet üslubunda inşa edilmiş binaların dövrü başlayıb. SSRİ-nin süqutundan sonra, Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik qazanmasının ardında ölkə iqtisadiyyat neft və qazdan asılı hala düşüb. Lakin artıq bir neçə ildir ki, ölkənin turizm sektoru inkişaf etdirilir.

Gecə-gündüz gəzinti

Dənizkənarı Milli Park Bakının ən görməli yerlərindəndir. Bu bulvar dəniz sahili boyunca təxminən 25 kilometr uzanır. İstər şəhər sakinləri, istər turistlər gəzmək, qaçmaq, sübh saatlarında dəniz mənzərəsindən həzz almaq üçün buraya üz tuturlar. Dəniz boyu uzanan bu ərazidə bağlar, fəvvarələr, ticarət mərkəzləri və s. var. Zirvəsindən Bakıya gözəl mənzərənin açıldığı “şeytan çarxı” və dünyanın ən hündür bayraq dirəklərindən birində (162 metr) Azərbaycan bayrağının dalğalandığı Dövlət Bayraq Meydanı da buradadır.

Bulvarda dənizə gözəl mənzərənin açıldığı “Pasifico”“Lounge”, eləcə də “Çinar” kimi dəbdəbəli barlara da rast gəlinir. Tam rahat, komfortlu məkanda gecələmək istəyənlər üçün yenə də Xəzər dənizinə mənzərənin açıldığı “Hilton Baku”“Park Inn” kimi otellər də burada yerləşir.

Alış-veriş etmək istəyənlər isə müxtəlif butik və lüks mağazalarla zəngin Nizami küçəsinə baş çəkə bilər.

Sonda onu da qeyd edək ki, Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa Çempionatına (12 iyun-12 iyul) ev sahibliyi edəcək 12 şəhərdən biri məhz Bakıdır.

Müəllif: Canna Testa

MƏNBƏ: iO DONNA, İtaliya

 

 

(İtalyan dilindən tərcümə – WorldMedia)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*