İvanişvilinin Moskva görüşündən 5 saat əvvəl istefa verməsinin ŞOK SƏBƏBLƏRİbackend

İvanişvilinin Moskva görüşündən 5 saat əvvəl istefa verməsinin ŞOK SƏBƏBLƏRİ

Dünən Tiflisdən yayılan bir xəbər təkcə Gürcüstanda deyil, bütöv regionda şok effekti yaratdı. Belə ki, Bidzina İvanişvili Gürcüstan ictimaiyyətinə hakim “Gürcü Arzusu” partiyasının sədri vəzifəsindən və ümumiyyətlə, siyasətdən getdiyini bəyan etdi. Xəbərə çoxları, o cümlədən, gürcü cəmiyyəti və müxalifət inanmadı. Hətta bunu bir zarafat kimi dəyərləndirənlər də oldu. Müxalifət liderlərindən biri – “Birləşmiş Milli Hərəkat” partiyasının rəhbəri Roman Qotsiridze bunu “uğursuz zarafat” adlandırdı. Başqa bir müxalifət partiyası “Avropa Gürcüstanı”nın lideri Gigi Ugulava İvanişvilinin ölkədə davam edən iqtisadi böhranın məsuliyyətindən qorxaraq ayrılmadığını, əksinə siyasətdən qaçdığını söylədi.

Daha bir müxalifət partiyası “Ağmaşenebeli”nin liderlərindən biri Serqo Çixladze isə “Kapitanın batan gəmini tərk etdiyini ilk dəfə görürük”, – deyə təəssüfünü gizlətmədi. Bu və digər rəylərə baxmayaraq, İvanişvili 8 illik hakimiyyətindən əl çəkdi. İndi çoxları bunu müxtəlif cür yozur. Amma hamı bir məsələni diqqətdən qaçırır. İvanişvili Moskvada baş tutan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən cəmi bir neçə saat əvvəl istefa verdi. Bu iki hadisənin eyni gündə baş tutması qətiyyən təsadüf ola bilməz. Çünki Moskva görüşündə Qarabağ məsələsi deyil, regionun inkişaf perspektivləri müzakirə olunacaqdı. Və nə yazıq ki, Gürcüstan bu görüşdə iştirak etmirdi. Bu isə Gürcüstan üçün yaxşı gələcək vəd eləmirdi. Ona görə də İvanişvili hadisələri və Moskvadakı qərarları bir neçə saat qabaqlamaq üçün “əlini yuxarı” qaldırdı. Yəni “mən gedirəm, Gürcüstansa qalmalı və yaşamalıdır”.

İndi isə bir qədər əvvəl baş verən hadisələrə qayıdaq. Dekabr ayının 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə regional bir iqtisadi platforma yaratmaq istəyirik. Doğrudur, Bakıdan belə bir təklifin Rusiya və İranın rəyinin soruşulmadan səslənməsi Moskvanın və Tehranın bir az xoşuna gəlmədi. Lakin sanksiyaların cəngində boğulan Rusiya və İran üçün bu, gözləniməz bir təklif idi. Əslində bu, hər iki dövlət üçün nicat, son ümid işığı idi. Ona görə də təzə gəlin kimi bir neçə gün Ankaraya və Bakıya naz satan Moskva və Tehran təklifdən dördəlli yapışdı. Və bu təklifdən sonra Vladimir Putinin təşəbbüsü ilə Moskvada 3 ölkə liderinin görüşü keçirildi.

Bu görüşdə hamı Qarabağ məsələsinin müzakirə ediləcəyini gözləyirdi. Lakin regionda yeni kommunikasiya dəhlizlərinin yaradılması müzakirə olundu və konkret qərarlar verildi. Və belə bir regional tədbirdə Gürcüstan qapı arxasında saxlanıldı. Bunun da bəlli səbəbləri var. Tədbirin təşəbbüskarı Putin idi. Putinsə nəinki İvanişvili ilə, ümumiyyətlə, Gürcüstan siyasi elitası ilə düşməni münasibətdədir. Ona görə də Putinin Gürcüstan rəhbərinin Moskvaya dəvət edəcəyini gözləmək ağılsızlıq idi. Əslində Putin bu tədbiri keçirməklə rəsmi Tiflisə gözdağı vermək istəyirdi. Və bacardığı qədər gələcəkdə də Gürcüstanı regional layihələrdən kənarda saxlamağa çalışacaq.

Çünki 17 ildir ki, Moskva ilə Tiflis arasından soyuq küləklər əsir. Hətta 2008-ci ildə Cənubi Abxaziyada Rusiya ilə Gürcüstan arasında birhəftəlik müharibə də oldu. Və Gürcüstan geri çəkilmək məcburiyyətində qaldı. Doğrudur, o zaman prezident Mixail Saakaşvili idi. Amma dəxli yoxdur, istər Saakaşvili, istərsə də İvanişvili Qərb yönümlü siyasət yürüdürdü. Və hər iki lider bəlli səbəblərə görə Rusiyanı hər zaman düşmən gözündə görüb. Bununla belə, Rusiyanın iqtisadi-siyasi və hərbi basqıları son 17 ildə Gürcüstana təsirsiz ötüşməyib. Gürcüstan hazırda iqtisadi böhranın pik həddindədir.

30 sentyabr 2020-ci il tarixinə Gürcüstanın ümumi xarici borcu 19,7 milyard dollar (64,7 milyard lari) təşkil edib ki, bu da ölkənin ÜDM-nin 120,4 -ni təşkil edir. Gürcüstan Milli Bankının məlumatlarına görə, dövlət borcu 8.9 milyard dollara (29.3 milyard lari) çatıb ki, bu da ÜDM-in 54.6% -ni təşkil edir. Gürcüstan qanunvericiliyi dövlət borcunun ölkənin ÜDM-yə nisbətində 60% aşmasını qadağan edir. Bu isə o deməkdir ki, Gürcüstan iqtisadiyyatı defolt vəziyyətdədir. Və nəzərə alaq ki, Gürcüstanın büdcə gəlirlərinin xeyli hissəsi tranzit daşımalardan qaynaqlanır.

Necə deyərlər, Gürcüstan son dövrlər Azərbaycanla Türkiyənin sayəsində ayaqda qalıb.Ona görə də Gürcüstan yeni iqtisadi platformadan kənarda qalmaq istəmir. İndiki zamanda buna müəyyən təhdidlər də var. Belə ki, Moskva bütün vasitələrlə Gürcüstanın bu platformada iştirakına mane olmağa  çalışacaq. 

Məqsədsə aydındır. Moskva Gürcüstanı da Ermənistan kimi çökdürüb, dizə gətirmək istəyir. Bunun üçünsə Rusiya artıq hərəkətə keçib. Belə ki, 11 yanvar zirvə görüşünün nəticələri də göstərdi ki, Moskva qısa zamanda Azərbaycan-Naxçıvan-Türkiyə nəqliyyat dəhlizinin işə düşməsində çox maraqlıdır. Bunun bir çox səbəbləri var. Amma başlıca səbəb Gürcüstanı yeni nəqliyyat dəhlizlərindən kənarda qoymaqdır.

Nəzərə alaq ki, təklif olunan nəqliyat dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizindən iqtisadi cəhətdən çox sərfəlidir. Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Naxçıvan-Ərzurum xəttindən təxminən 343 kilometr qısadır. Bu isə çox cəlbedici görünür. Bu dəhliz işə düşəcəyi təqdirdə daşımalara çəkilən xərclər azalacaq və Mərkəzi Asiya ilə Avropa arasında yeni körpü rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollar, Avropa və Asiya arasında ticarət dövriyyəsi isə 2 trilyon dollar təşkil edir ki, bunun da 200 milyon dolları nəqliyyat xərclərinin payına düşür. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5%, inkişaf etməkdə olan ölkələrdə 4,25%, bütün dünyada isə orta hesabla 4,8% təşkil edir.

Deməli, istehlak bazarına məhsulların çatdırılması ilə əlaqədar nəqliyyat xərclərinin azaldılması rəqabət üstünlüyü vəd etməklə bərabər, milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına səbəb olacaq. Ona görə Gürcüstan Moskva görüşündən çox narahat idi. Ona görə də yuxarıda dediyimiz səbəblər ucbatından İvanişvili məcburiyyət qarşısında qalaraq istefaya getdi.

Bu istefa əslində Moskvaya bir mesajdır. Dolayısı ilə bu istefa həm də 17 illik anti-Rusiya və Qərb yönümlü siyasətdən imtina idi. Və yaxın günlərdə biz bunun şahidi olacağıq. Təbii ki, Rusiya–Gürcüstan münasibətlərinin yeni müstəviyə çıxarılmasında Tiflis Bakının dəstəyinə və vasitəçiliyinə arxayındır. Çünki İlham Əliyev artıq Qafqazın, bütövlükdə isə regionun siyasi lideri kimi qəbul edilir. Ona görə də İvanişvilinin hakim “Gürcü Arzusu” partiyasının sədri vəzifəsindən və ümumiyyətlə, siyasətdən ayrılma qərarını 17 səhifədə izah etməyə çalışdığı məktub o qədər də tutarlı faktor kimi görünmür. İvanişvili sadəcə fərd olaraq Putinin qarşısında Paşinyanın vəziyyətinə düşmək istəmədi. Ona görə də Gürcüstanın milli maraqları üçün istefaya getdi. Bu istefanın 11 yanvarda Moskvada 3 ölkə liderlərinin görüşündən cəmi bir neçə saat qabaq baş verməsi rəsmi Tiflisin “ağ bayraq” qaldırmasının sübutudur.

Surxay Atakişiyev,

KONKRET.az

  • səbuhi
    Yanvar 12, 2021 - 23:13

    Surxay m. yazırsınız ki, “Çünki 17 ildir ki,…….Cənubi Abxaziyada…….” .Sizdən xahiş edirəm ki,düzəliş edəsiniz; Cənubi Abxaziya yox,Cənubi Osetiya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*