Jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirildi – YENİLƏNİBbackend

Jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirildi - YENİLƏNİB

Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.

KONKRET.az xəbər verir ki, imtahandan əvvəl Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mövzular seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.

MŞ sədri Əflatun Amaşov mövzuların kifayət qədər əhatəli olduğunu vurğulayıb. O bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilir. “Həqiqətən də jurnalistika xüsusi qabiliyyət və istedad tələb edən sahədir. Sahə eyni zamanda strateji əhəmiyyətlidir. Ölkənin informasiya təhlükəsizliyi, cəmiyyətin düzgün yönləndirilməsi kimi mühüm məsələlər var. 44 günlük Vətən müharibəsində də medianın önəmi bir daha vurğulandı. Buna görə jurnalist təhsili məsələsi son dərəcə vacibdir. Qəbulda qabiliyyət imtahanı isə bu vacibliyin təmin edilməsinin ilkin, eyni zamanda son dərəcə həssas mərhələsidir”, – deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında ümumilikdə 700-dən çox abituriyent iştirak edib. Mətbuat Şurasının və Dövlət İmtahan Mərkəzinin birgə ekspert qrupu tərəfindən onların mövzular üzrə yazı işləri qiymətləndiriləcək. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə açıqlanacaq.

***

 09:26
Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.

İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.

İmtahan saat 10:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*