Jurnalist qardaşlar 10844 gün sonra Şuşada – FOTObackend

Jurnalist qardaşlar 10844 gün sonra Şuşada - FOTO

Tanınmış şuşalı jurnalist Hikmət Sabiroğlu və qardaşı, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu Şuşadadırlar.

KONKRET.az xəbər verir ki, Hikmət Sabiroğlu bir gün əvvəl Şuşaya gedib, uzun illərin ayrılığından sonra gecəni doğma şəhərində keçirib. Nazim Sabiroğlu isə bu gün Şuşa Qoruq İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən səfər çərçivəsində bu şəhərə yollanıb. Qardaşlar ata yurduna baş çəkəcəklər.

Səfər təşkilatçılarına təşəkkür edən Nazim Sabiroğlu bildirib ki, uzun illər sonra doğma şəhərində olmaq izahedilməz hissdir:

“Əminəm ki, bu gün Şuşada olanlar hamısı bu hissləri yaşayır. Şuşasız Azərbaycan tam ola bilməzdi. Şuşa həm də Azərbaycanın birlik rəmzi, tamlıq simvoludur. Biz Şuşasız mənəvi sıxıntılar içərisində, belibükük idik. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu təkcə tarixi şəhərimizi deyil, həm də xalqımızın qürurunu özünə qaytardı, belimizi dikəltdi. Şəhidlər bizim baş tacımızdır. İnanıram ki, dövlətimiz Şuşada şəhidlərin xatirəsini əbədiləşdirəcək, möhtəşəm abidə ucaldacaq. O abidəsiz Şuşa yarımçıq olar…”

O qeyd edib ki, Şuşaya gəlməkdə əsas məqsədi 28 illik ayrılıqdan sonra atasının qəbrini ziyarət etməkdir:

“Alçaq düşmən qəbiristanlığımızı xaraba qoyub, baş daşlarını oğurlayıb, sındırıb. İki gündür ki, Hikmət atamın qəbrini axtarır… Bu səbəbdən sevinc içində böyük bir məyusluq yaşayırıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*