Çeçenistan prezidentinin oğlu Adam Kadırov birinci dərəcəli “İslam dininə xidmət” ordeni ilə təltif edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
“Çeçenistan Respublikası Rəyasət Heyətinin Təhlükəsizlik İdarəsinin rəisi, əziz qardaşım Adam Ramzanoviç Kadırovu birinci dərəcəli “İslam dininə xidmət” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, – deyə o yazıb.
Onun sözlərinə görə, mükafat çərşənbə günü Qroznıda açılmış beynəlxalq elmi-praktik konfrans zamanı verilib. “Bu orden İslamın möhkəmlənməsi və onun dəyərlərinin müdafiəsi işinə mühüm şəxsi töhfəsinə görə verilib”, – deyə Dudayev əlavə edib.
Qeyd edək ki, 15 yaşlı Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, “Qaraçay-Çərkəz Respublikasına xidmət”, “Ümmətə xidmət” və digər ordenlərlə təltif edilib. Eləcə də Tatarıstanın ikinci ən əhəmiyyətli mükafatı “Duslık” ordeni ilə təltif edilib. Noyabrın 5-də məlum olub ki, gənc oğlan Çeçenistan Respublikası prezidentinin təhlükəsizlik şöbəsinin müdiri təyin edilib.