Biznesmen Samvel Karapetyanın oğlu Sarkis Karapetyan atasına qarşı aparılan məhkəmə prosesini “absurd” adlandırıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə videomüraciət yayaraq atasının həbsinin siyasi motivlərə əsaslandığını bildirib.
“Kiçik bir qrup insan öz qorxularını bizə sırımaq, azadlığımızı məhdudlaşdırmaq, məhkəməni absurda çevirmək istəyir. Amma azadlıq sadəcə söz deyil, düşünməkdir. Atam həbsdə olanda onların hamısından 1000 dəfə daha azaddır”, – deyə Karapetyan vurğulayıb.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan iyunun 18-də “hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək” ittihamı ilə iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl Erməni Apostol Kilsəsinin müdafiəsinə dair verdiyi bəyanatdan sonra başlanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan həmin bəyanatdan sonra sosial şəbəkələrdə sərt açıqlamalarla çıxış edib və qeyri-rəsmi şəkildə Karapetyana eyham vurub. Bundan az sonra Daxili İşlər Nazirliyi iş adamının evində axtarış aparıb və o, rəsmi olaraq “hakimiyyəti ələ keçirməyə ictimai çağırışlar”da ittiham olunub.
Aynurə İsmayıl
KONKRET.az