“Kartlar” sona qədər açılmayıb – ABŞ Azərbaycanı nədən çəkindirməyə çalışır?backend

"Kartlar" sona qədər açılmayıb - ABŞ Azərbaycanı nədən çəkindirməyə çalışır?

“Son zamanlar Amerika-Azərbaycan münasibətlərində də müəyyən soyuqlaşmalar, istiləşmələr baş verir. Bu ölkənin prezidenti Co Baydenin dövlətimizin başçısı İlham Əliyevə Azərbaycanla Ermənistan arasındakı imzalanmalı olan yekun sülhlə bağlı məktubu təqdim olunub”.

ABŞ Azərbaycandan nəyi qoparmaq istəyir və buna nail ola bilirmi?

KONKRET.az xəbər verir ki, politoloq Əziz Əlibəyli ABŞ-nin Azərbaycana münasibətinin iki hissədən ibarət olduğunu qeyd edib:

 

“Prosesi Baydenin məktubu və Trampın açıqlamaları üzərindən qiymətləndirsək, görərik ki, Amerikanın Azərbaycana münasibəti iki hissədən ibarətdir. Birincisi, qlobal gücün bölgədəki maraqlarının təmin olunmasıdır. İkinci yanaşma isə Amerikada daim gündəmə təsir edən, gündəm yaradan erməni lobbisinin güclü olmasıdır. Əlbəttə, ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşması hələ qabaqdadır. Buna “kəskin viraj”a daxil olma deyirik. Maqnitiski qətnaməsinin Azərbaycana tətbiq olunmasına çalışırlar. Buna nə qədər nail olacaqlar, onu da zaman göstərəcək. Amma de-fakto olan durum odur ki, Azərbaycanı konkret olaraq sülh bağlamağa məcbur etmək ABŞ-nin əsas siyasətidir. Bölgədə baş verənlər fonunda çalışırlar ki, sülh müqaviləsi ilə onun məsuliyyətini, öhdəliklərini Qərb öz üzərinə götürsün və nəticə etibarilə sülh müqaviləsi imzalanandan sonra bölgədə yaranan “status-kvo”ya nəzarət mexanizmini əllərində saxlasınlar. Bu, yəqin ki, Rusiyanın bölgədən çıxarılmasına hesablanmış addımdır”

Ekspert vurğulayıb ki, prosesdə əsas toqquşma Azərbaycanla olan münasibətlərə görədir:

“Rəsmi Bakı yaxşı bilir ki, Qərb bölgəyə lap elə investisiyaların içərisində olsa da belə, özü ilə boyunduruq gətirəcək. Azərbaycanın indiki mövqeyi və yaxud Rusiyanın vasitəsilə bağlanacaq sülh müqaviləsi Azərbaycanın milli maraqlarına cavab verir. Ölkəmiz indiki vəziyyətdə suverenliyini möhkəm şəkildə qoruyur və müstəqil xarici siyasət yürütmək imkanlarını əlində saxlayır. Bu mənada ABŞ təpki göstərir ki, sülh müqaviləsi Rusiyanın vasitəsilə imzalanmasın. Azərbaycanı bu fikrindən daşındırmağa çalışır. Amma Azərbaycan “kartları” sona qədər açmayıb. Ən azından ona görə ki, Bakıda keçiriləcək COP29 ərəfəsində bu təzyiqlərin çoxlamasını görəcəyik. Hətta ABŞ prezidenti Co Baydenin məktubunu Azərbaycana gətirən milli təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Korpenter bilavasitə Azərbaycan prezidenti ilə görüşdü. Cənab İlham Əliyev onun üzünə söylədi ki, əslində biz nəticələrdən məmnunuq və indiki vəziyyətdə sülh müqaviləsinin bağlanması üçün Ermənistan tərəfi müəyyən adımlar atmalıdır. Və Azərbayvana qarşı konstitusion iddiaları aradan qaldırmalıdır və yekun sülh sazişində Azərbayan ərazisinə qarşı iddialara görə bunlar dəyişdirilməli məsələlərdir. Ermənistan konstitusiyası sülhə maneə olan sənəddir, əgər İrəvan onu həll etməyəcəksə, Azərbaycan ABŞ-nin təzyiq, hədə və hətta sanksiyalarına rəğmən prosesdən geri çəkiləcəyi görünmür və doğru olan da elə budur”.

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin marağındadır:

“Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə, Rusiya və bəzi Avropa İttifaqı ölkələrinin maraqları çərçivəsindədir. Belə olan halda dəhliz niyə açılmır Dəhlizinin açılması artıq tarixi zərurətdir. Ən azından ona görə ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı bölgəsəl reallıqlar Gürcüstan, Ermənistan və Azərbaycanın xarici siyasət perspektivlərinin dəyişilməsinə gətirib çıxardı. İndiki halda Çin, Rusiya və digər ölkələrin yeni kommunikasiyalara ehtiyacı var. Bu yeni kommunikasiyalar müharibəyə qədərki ticarət yollarından fərqlidir. “Bir kəmər, bir yol” üzərindən də baxsaq, deyə bilərik ki, hazırda sanksiyalar baş verməsi, Rusiya ilə Qərb arasındakı bu qarşıdurma ucbatından Qafqaz indiki müasir ticarət yollarının əsas təbii bağlayıcı zonasına çevrilib. Çinli podratçılar Gürcüstanda tunellər salır. Seçkilər də prosesin nəticələrinə təsir göstərir. Hesab edirəm ki, Gürcüstan hökuməti ilə yanaşı, “Gürcü Arzusu”nun hakim partiya kimi yenidən uğur qazanması bölgənin rolunu daha da artırır. Məncə, Rusiya və İranın da birgə addımları Zəngəzur yolunun açılmasını şərtləndirir. Ən azından Zəngəzur dəhlizi anlayışı təkcə Azərbaycanın perspektiv iqtisadi əlaqələri və Naxçıvanla münasibətlərinin tərkib hissəsi deyil, bu, həm də Çin, Britaniya və Avropanın marağındadır. Bu, Rusiyanın bilavasiyə marağındadır. Zəngəzur dəhlizinin açılmasına yönəlik maneələr aradan qaldırılmalıdır. İranın buradakı mövqeyini qırmızı xətlər üzərindən ifadə edirlər. İranın bu mövqe üzərində sona qədər dayana biləcəyi məlum deyil. İran üzərində Rusiya və Çinin böyük təsirinin olması deməyə, düşünməyə imkan verir ki, bölgədə Azərbaycanın rəhbərlik etdiyi yeni kommunikasiya siyasətinin inşasına şahid olaq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*