Bir dövlət və cəmiyyət üçün yəqin ki, alimdən böyük ad yoxdur. Necə deyərlər, “qüvvət elmdədir başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”. Odur ki, elm adamları bu cəmiyyətin ən vacib təbəqəsi kimi dövlət və dövlətçilik üçün çox böyük işlər görməlidir. Ancaq təəssüflər olsun ki, reallıqda Azərbaycanda bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Bu gün vəzifəsindən, pulunun çoxluğundan istifadə edən “məmurlar” alim adı uğrunda sanki yarışa giriblər. Ona görə də savadı, intellekti alim adı almağa imkan verməyənlərin müdafiə etdiyi dissertasiya mövzusu da dövlət və dövlətçilik mövqeyinə zidd olur. Mövzu seçimində yanılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanı buna misal göstərmək mümkündür.
KONKRET.az xəbər verir ki, bu barədə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy öz sosial şəbəkə hesabında yazıb. “Xalq alimlərini tanımalı” başlığı ilə paylaşılan məlumatda Bahar Muradovanın alimlik adı alması üçün müdafiə etdiyi dissertasiya mövzusunun dövlətçilik mövqeyinə zidd olması haqda fikirlər yer alıb: “Bahar Muradova 20 il Milli Məclisin deputatı, 15 il isə sədrin müavini olub. Bacarıqlı və işgüzar xanım indi də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir. Nəinki qadınların, hətta kişilərin belə həsəd aparacağı karyerası var. Kaş ki, Bahar xanım alimlik eşqinə düşüb dissertasiya yazmayaydı. Amma yazdı. Görün nədən yazdı və kimlərin sayəsində “alim” adı qazandı”, – deyə Səxavət Əlisoy xanım məmurun dissertasiyasının “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu”na aid olduğuna diqqət çəkib .
Müsavat başqanlığına keçmiş namizəd fikirlərini bu cümlələrlə davam etdirib: “Elmi rəhbəri tarix elmləri doktoru, professor Əli Həsənov (Prezidentin keçmiş köməkçisi), rəsmi opponenti tarix elmləri doktoru, professor Musa Qasımlıdır. Suallarım öncə Bahar xanıma, sonra professor Əli Həsənova və AMEA-nın müxbir üzvü olan Musa Qasımlıyadır:
- Bu dissertasiyanın elmlə, alimliklə nə əlaqəsi var?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT hansı rolu oynayıb?
- ATƏT bu münaqişəni nizama saldı, yoxsa, şəhid və qazilərimiz?
- O ATƏT-i İlham Əliyev az qala “iti qovan kimi” qovmurdumu?
- Münaqişəni nizama salan ATƏT deyilsə, Bahar xanımın “alim” adını daşıması əcaib görünmürmü?
Nəhayət, AMEA-nın müxbir üzvü Musa Qasımlıya ayrıca 2 sualım və bir də xatırlatmam var.
- Musa müəllim, elmi rəhbər, opponent olaraq, nə qədər adamın belə “alim” olmasına yardım etmisiniz?
- AMEA-da alın təri ilə yaşayan çobanla mənəvi aspektdən müqayisəyə gəlməyən təxminən nə qədər yaramaz alim olar?
Xatırlatma: Musa müəllim! haqqı danışmağa cəsarəti çatmayan, zalımın və zülmün dəstəkçisi olan kimsə, 100 kitab da yazsa, akademik də olsa, xalqın yaddaşına alim deyil, yaltaq kimi həkk olur…” – Səxavət Əlisoy fikirlərini tamamlayıb.
QEYD: Hesab edirəm ki, Səxavət Əlisoy fikirlərində təpədən-dırnağa qədər haqlıdır. Ən azından ona görə ki, torpaqlarımızın 30 illik işğal dövründə ATƏT və onun Minsk Qrupu heç bir əməli fəaliyyət ortaya qoya bilməyib. Münaqişə dövründə regiona edilən səfərlər isə yalnız boş və mənasız danışıqlar və içki məclisləri ilə yadda qalıb. Digər tərəfdən ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin demək olar ki hər üçü işğalçı Ermənistanın mövqeyindən çıxış edib və bitərəflik prinsipinə məhəl qoymayıb. Və nəhayət Ali Baş Komandan, Prezident İlham Əliyevin də dediyi kimi “ATƏT-in Minsk qrupuna verilmiş mandat de-fakto artıq etibarsızdır”. Belə olan halda Bahar Muradovanın hansı səbəblərdən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu” mövzusuna müraciət etməsi heç cür anlaşılan deyil.
Müşviq Tofiqoğlu,
KONKRET.az