“Əsas məqsəd Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq deyil, bu ölkənin Türkiyə və Azərbaycan tərəfindən işğalıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə mətbuat konfransında Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan məlumat verib. “Ruslar bu məqsədin həyata keçirilməsinə sadəcə maneədir. Ona görə də bu maneə zərərsizləşdirilməlidir”, – deyə müxalifət lideri bildirib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün aşağıdakı ardıcıllıqla tədbirlər zənciri həyata keçirilir. Əvvəla, Rusiya sülhməramlılarından narazılıqlar cəmləşib və bu, praktiki olaraq onların yerləşdirildiyi ilk günlərdən edilib. “İlk günlərdən Nikol Paşinyan bəyanatlar verdi ki, erməni hərbçiləri sülhməramlıların məsuliyyət zonası olan ərazidən əsir götürülüb, ondan sonra Fərrux hadisələri və digər insidentlər baş verib.
Onlar üçtərəfli bəyanatda nəzərdə tutulan müddətdən əvvəl qoşunların çıxarılmasını təmin etmək üçün hər şeyi etməyə çalışırlar”. Üçtərəfli Bəyanat sülhməramlıların qalma müddətinin avtomatik uzadılmasını nəzərdə tutur. Kazaryan deyir ki, Ermənistanda 2025-ci ilə qədər hakimiyyət dəyişikliyi baş verə bilər və növbəti hakim komanda Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması xahişi ilə Rusiyaya müraciət edə bilər və bu, danışıqların mövzusu olacaq.
Ona görə də Bakı sülhməramlıların vaxtından əvvəl çıxarılmasını təmin etməyə çalışır ki, onların qalma müddətinin uzadılması məsələsi belə ortaya çıxmasın. Bununla yanaşı, KTMT-dən də narazılıqlar artır. Təşkilatın Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə bəyanatlar verilir.
İndi Ermənistan hakimiyyəti üçüncü mərhələyə keçib: artıq rəsmi şəkildə elan olunub ki, Ermənistanın bütün sərhədləri, o cümlədən Türkiyə, İran və Azərbaycanla sərhədləri mühafizəsini müstəsna olaraq Ermənistanın sərhəd xidmətləri həyata keçirəcək.
“Bu, Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına birbaşa zərbə deyil, lakin sərhəd qoşunları çıxarılarsa, Rusiya hərbi bazasının çıxarılması texniki məsələyə çevriləcək”, – o deyib. Belə olan halda Ermənistan bütün təhlükəsizlik təminatlarından məhrum olur və bu şəraitdə Azərbaycan və Türkiyə asanlıqla bütün Ermənistanı ələ keçirə biləcək.
Natiq Səlim,
KONKRET.az