Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
***
09:36
Xaçmaz rayonunda ailə faciəsi yaşanıb.
KONKRET.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.
Hadisədən sonra cinayətkar özünü güllələyib.
O, hadisə yerindəcə ölüb. Onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.