Kəmalə Ağazadə: Tərtərdə işgəncə verilən uşaq valideynlərindən alınmalıdırbackend

Kəmalə Ağazadə: "Tərtərdə işgəncə verilən uşaq valideynlərindən alınmalıdır"

“Bəzi valideynlərin “burada nə var ki, biz də övladımızı döymüşük” deməsi çox pis reaksiyadır. Bunları eşitdikcə dəhşətə gəlirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Tərtədə anası tərəfindən işgəncələrə məruz qalan azyaşlı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, valideynlərin boşanması və aralarında olan münasibətlə bağlı reaksiya verilməli idi:

“Valideynlərin münasibəti, boşanması və azyaşlı ilə bağlı məsələyə ilk növbətə Tərtər rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə, eləcə də Qəyyumluq və Himayəçilik Komissiyası birbaşa reaksiya verib, qərar qəbul etməli idi.

Uşağın bir müddət həmin ailədən uzaqlaşdırılması nəzərdə tutulmalıdır. Ola bilər ki, ailə yaxınları onun izahatını dəyişməsi üçün təzyiq göstərsinlər. Bu nəzərə alınmaqla uşağın bir müddət psixoloji təzyiqlərə məruz qalmayacağı ailə yaxınlarının yanında qalması yaxşı olardı. Çünki bu kimi problemlərdə uşaqlara təzyiq edilməsi ilə tez-tez rastlaşırıq.

Hələ ki bizə uşaqla bağlı müraciət olunmayıb. Müraciət edilərsə, biz uşağı qəbul edərik. Ehtiyac olarsa, onun müalicəsi üçün zəruri addımların atılması bizim üçün qətiyyən problem deyil.

Əgər cinayət işi açılıbsa, demək ki, burada əsaslı faktlar var. Hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunmasının tərəfdarıyıq. Yəqin ki, İcra Hakimiyyəti uşağın anadan alınması ilə bağlı qərar verəcək. Şəxsən mən, bu qərarın verilməsinin tərəfdarıyam”.

K.Ağazadə azyaşlının döyülməsi ilə bağlı yayılan məlumatlara sosial şəbəkə istifadəçilərinin verdiyi reaksiyalardan təəssüf hissi keçirdiyini bildirib:

“Bu məsələ ilə bağlı mənə bir çox valideynlər yazdı. Qadınların, xüsusilə anaların “burada nə var ki, biz də övladımızı döymüşük” deməsi, mənə çox pis təsir etdi. Bu reaksiya məni dəhşətə gətirdi. İnsan insana əl qaldırarmı? Hələ balaca uşağa əl qaldırmağı necə normal qəbul etmək olar? Bu məsələlər məni çox narahat edir”.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*