Kəşbeklərə vida: Banklar komissiya siyasətini sərtləşdirir?backend

Kəşbeklərə vida: Banklar komissiya siyasətini sərtləşdirir?

Bankların tətbiq etdiyi kəşbek mexanizminin gələcəkdə tamamilə aradan qaldırılması ehtimalı gündəmdədir. Maraqlıdır, kəşbekin aradan qaldırılması bankların komissiya siyasətini sərtləşdirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kəşbek siyasəti tədricən ləğv edilə bilər.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Onun sözlərinə görə, vətəndaşlar artıq nağdsız ödənişlərə alışıb və bank seçimlərini də əsasən müəyyənləşdiriblər:

“Hesab edirəm ki, tədricən kəşbek siyasəti aradan gedəcək. Yəni vətəndaşlar onsuz da nağdsız hesablaşmalara meyillidirlər. Alışıblar. Bank seçimini də əksər hallarda ediblər. Buna görə də bankların kəşbəki saxlamasına böyük ehtiyac yoxdur”, – deyə ekspert vurğulayıb.

Ə.Həsənov həmçinin qeyd edib ki, bankların komissiya siyasəti onsuz da sərtləşməkdədir və bu, beynəlxalq təcrübədə də müşahidə olunur:

“Avropada kəşbek yoxdur. Bank əməliyyatları üzrə komissiya dərəcələri kifayət qədər yüksəkdir. Bizdə isə əvvəllər ya komissiya olmurdu, ya da çox cüzi idi. Əvəzində kəşbek tətbiq edilirdi. Banklar müştəri cəlb etmək və hesabda pul saxlanmasını stimullaşdırmaq üçün bu addımı atırdılar”.

Ekspert bildirib ki, bankların əsas qazancı kreditlərdən formalaşır. Lakin son 10 ildə kredit faizlərinin azalması bankların xidmətlərdən gəlir əldə etməsinə daha çox ehtiyac yaradıb:

“Əvvəllər kredit faizləri 36 faizə qədər idi. İndi isə daha ədalətli yanaşma var. Banklar yalnız borc alanlardan deyil, digər müştərilərə göstərilən xidmətlərdən də qazanc əldə etməyə çalışır. Çünki bu xidmətlərin göstərilməsi də müəyyən xərclər tələb edir”, – deyə Həsənov əlavə edib.

Beləliklə, ekspertin sözlərinə görə, yaxın illərdə kəşbek mexanizmi tamamilə aradan qalxar və bankların komissiya siyasəti daha sərt şəkildə tətbiq oluna bilər.

Aynurə İsmayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*