Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İmamverdi Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 08 oktyabr 2025-ci il tarixdə, gecə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, İmamverdi Əsədov ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı, zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının aralarındakı nikaha xitam vermək niyyəti və evə gec gəlməsi olub. O, ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə etdikləri zaman arvadının üzərinə hücum edib.
Təqsirləndirilən şəxs bu zaman qəsdən əl və yumruq zərbələri ilə İnarənin sifət, baş, qol və bədənin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra İmamverdi Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
