Kiyev “Rus dövləti”nə çevriləcəkmi? – ANALİZ – ÖZƏLbackend

Kiyev “Rus dövləti”nə çevriləcəkmi? - ANALİZ - ÖZƏL

Moskva vaxtı ilə saat 05:00-ı göstərəndə Rəsmi Kreml Donbassda hərbi əməliyyatların başladığını bəyan etdi. Putin xalqa müraciət edərək müharibənin qaçılmaz olduğunu, rus xalqının dəstəyinə inandığını bildirdi.

Ukrayna mediası bir müddət sonra Kiyev, Kramatorsk, Odessa, Xarkov, Berdyansk, Borispolda teleqüllələrin, aeroportların bombalanması haqda xəbərlər yaymağa başladı.

Üç cəbhədən (Polşa istisna olmaqla) sarılan Ukraynanın gündüz Lvovda – gecə Polşada məskunlaşan köç administrasiyası elan etdi ki, artıq müharibə başladı.

Doğrudan da 20 faiz kimi məhnus rəqəmi yaxşı tanıdığımıza görə düşünürdük ki, bir gün ağlı başında bir “getman” ölkəyə rəhbər olarsa, Donbassın da taleyi dəyişər, ən azı biz 30 ili necə gözləmişdiksə, amma elə olmadı.

Artıq Kiyev bombalanırdı

Fon Bok və Quderianın 4 ay boyunca 1941-ci ilin şaxtalı günlərində Moskvaya etdikləri hücumun qarşısını almaq üçün 1 milyon 200 mindən artıq sovet əsgəri canlı qalxan kimi istifadə edilmiş, Stalinin əmri ilə sözün real mənasından ətdən divar hörülərək, almanları sadəcə yorub, dayandıra bilmişdilər.

Fürer müharibənin taleyini dəyişmək üçün ölkənin paytaxtını işğal etməyə və Stalinin  iradəsini sındırmaqla SSRİ-nin fəthini böyük ölçüdə tamamlamaq istəyirdi. Napoleon bu mənada Hitlerdən daha uğurlu olsa da, aqibət dəyişməmişdi.

İndi paytaxtın bombalanması, Kiyevdən maşınlarla, piyada Polşaya doğru, aeroportlara, vağzallara doğru yüz minlərlə insan qaçmaqdadır. Amma Zelenski səfərbərlik elanı ilə bütün Ukrayna xalqını Rusiya üçün cəhənnəm yaşatmağa çağıranda Şərqi Ukraynanın rus əhalisini unutmuş kimi görünürdü. Məncə, Maydan inqilablarını yaxşı bilən bir şəxs üçün bu günün aqibəti əvvəlcədən proqnozlaşdırılmalı idi.

Bu mənzərə yalnız bir şeyi ifadə edir: Kiyev… Kiyev rus dövlətinə çevrildi və savaş başlamadan bitdi.

Qırx il ərzində, 1815-1855 -ci illərdə Avropa heç bir müharibə  ilə tanış olmadı. O zaman Moskva Metropoliteni Filaret Rusiyanın dünyadakı rolundan danışırdı: “Rusiyanın tarixi missiyası, İncil əmrlərinə əsaslanaraq Avropada mənəvi bir nizam qurmaqdır”.

Əminəm ki, bu ssenarini 14 yanvar günü Kiyev aeroportuna düşən Əliyev dünyanın ən gözəl şəhərlərindən birinin xarabalıqdan xilası üçün portfelində Zelenskini aydınladacaq məlumatlar yerləşdirmişdi.

16 dekabr 2021-ci ilin bir axşam brifinqində ABŞ xarici işlər idarəsindən “Qazaxıstanda siyasi sabitsizlik baş verəcək” açıqlaması yarım ay sonra bu ölkədə yaşananların ilkin qaranquşu kimi haqlı sual doğurmuşdu:

“ABŞ 5 yanvarda başlayan prosesləri necə dəqiq müəyyən edə bilmişdi?” Bir açar səbəb bumu idi? 15 dekabrda Qazaxıstanın müxalifət partiyalarını hakimiyyətə qarşı ixtişaşlar törətməyə çağıran gücün əsl məqsədi nə idi?

Gələcəyi dəqiq proqnozlaşdırmaqda usta olan ABŞ necə, görəsən hesablamışdırmı ki, fəhlələrin üsyanı ilə başlayan bahalaşma etirazlarının nəticəsində qazanan güc Rusiya olacaq?. Məncə də, elə ABŞ-ın görünən planı da məhz bu imiş: Rusiyanın Qazaxıstanda qalib gəlməsi. Çünki Qazaxıstan Çinə qarşı savaşın ilk təmas xətti idi.

Çinin bu gün ehtiyacı olan hər şey təkcə Qazaxıstanda var, böyük əkin sahələrinin Çin tərəfindən icarəyə götürülməsi, enerji resursları və yeraltı sərvətlərinin Pekinə mühüm müqavilələrlə verilməsi, Qazaxıstan Çinin kəmər-yol layihəsinin bəlkə də əvəzsiz hissəsi olması (marşrutun 2500 kilometri Qazaxıstan ərazisindən keçir);

ABŞ-ın informasiya dəstəyi ilə KTMT timsalında Rusiyanın Qazaxıstan qalibiyyətində itirən cəmi bir cəbhə vardı  – ÇİN!

“Kitayski” Ukrayna

Baxın, Ukraynanın ən böyük ticarət tərəfdaşı kimdir. Çin 2021-ci ildə 15,8 milyard dollar: Çin 2020-ci ildə Ukraynanın dəmir və polad istehsalının  59%-ni alıb. Ötən il ərzaq və kənd təsərrüfatı mallarının ixracı iki dəfə artıb.

Rusiya Ukraynaya daxil olan andan Çinlə münasibətləri pisləşəcəkmi?

Əhalisinin artması səbəbindən ərzaq təminatında çətinlik çəkən Çin Ukraynanın torpaqlarının 5 faizini icarə üçün almağa razılaşdı. Çin torpaqlardan istifadəyə görə ildə 2,6 milyard dollar ödəyəcəkdi.

Hələ, müharibə başlamamışdan bir neçə gün əvvəl “Rusiya Ukraynanı işğal edərsə, Çin müəyyən qədər bunun bədəlini ödəyəcək” –  deyən ABŞ prezidentinin müşaviri Ceyk Sallivan ingilis dəqiqliyi ilə proseslərin əsl hədəfini ikinci dəfə göstərmiş oldu:

Rusiya Ukraynanı işğal etikdən sonra, böyük sanksiyalarla üzləşəcək və Çin də bundan əziyyət çəkəcək. Sallivan Pekinin Rusiya ilə münasibətlərində bunu nəzərə alaraq hərəkət etməli olduğu barədə xəbərdarlıq edirdi. O təklif edirdi ki, Ukraynaya qarşı savaş olacağı halda onun xərclərinin bir qismini öz üzərinə götürsün. Onsuz da bəlli idi ki, ABŞ diplomatı Ukrayna  – Rusiya savaşının Çin konturlarını necə və hansı formada açmaqla hədəf göstərir.

Və ikinci hal:

 “Hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır. Çünki bu, beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil. Çin hökumətinin ötən həftə açıqladığı sənəddə biz hamının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təkrar edirik. Kimsə Çinin mövqeyini şübhə altına almaq istəyirsə, bu, vəziyyəti şişirtmək və ölkəmizin mövqeyini təhrif etmək demək olacaq” – Çinin xarici işlər naziri Van

Ukrayna mövzusunda indilik fasilə verərək, digər toqquşma nöqtəsinə yollanaq:

Çin Tayvanın hava məkanına 6 saatda 150 dəfə hücum etməklə yeni rekord müəyyən edirdi ki, okeanın Atlantik zonasından atılan addımlara Şərqi Asiya nəhəngi yeni dillə cavab verdi: “ABŞ-ın yeni Hind-Sakit okean strategiyası Pekinə meydan oxuyur və bu şiddətli rəqabət genişmiqyaslı qarşıdurmaya çevrilə bilər.”

Üçüncü hal:

Wall Street Journalı bir həftə əvvəlki sayında müasir dünyanın dizaynını dəqiq ifadə edən bir hipotez irəli sürmüşdü: ABŞ Ukraynanı tərk edərək diqqətini Tayvana yönəltməlidir, ABŞ Ukrayna böhranı ilə vaxt  itirir.

Avropadakı çıxılmaz vəziyyətin ABŞ-ın Sakit okeanda Çinlə rəqabət apara bilməsinə mane olduğu bildirilir.

Qeyd edilir  ki, Çin iqtisadi və hərbi güc kimi qarşısıalınmazdır və ABŞ azad və açıq Hind-Sakit Okean koalisiyasının “lideri” kimi etibarını qorumaq üçün Tayvanı müdafiə etməlidir. Bildirilib ki, Tayvan həm də iqtisadi cəhətdən mühüm ölkədir və hazırda yarımkeçirici texnologiyasında ABŞ-ın 9-cu ən böyük kommersiya tərəfdaşıdır.

ABŞ Avropada NATO kimi müttəfiqlərini nüvə silahı ilə qorumaq haqda açıqlama verməklə işini bitirməli və bütün Avropadakı hərbi resurslarını Sakit okeana yığmalıdır. Rusiya ilə Çin cəbhəsində baxdıqda görə bilərik ki, müasir Çinin xarici siyasətini müəyyən edən  “dinc yanaşı yaşamanın beş prinsipi”nə daxil olan xarici siyasət mövqeyi Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və ya Qazaxıstana müdaxiləsi ilə pozulub.

Eyni zamanda Çin Rusiya ilə  Suriyaya qoşun göndərdiyi üçün ciddi konflikt yaşayıbmış.

Çinin mühəndislik, enerji və tikinti şirkətləri son illərdə Ukraynada layihələrə milyardlarla dollar sərmayə qoyub və  “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çin üçün çox mühüm ölkəyə çevrilib.

Rusiya ilə isə…

İndiyədək Pekinin Moskvaya ən ciddi  maddi yardımı Rusiyadan neft və qaz almaqla bağlı sövdələşmələrdir.

Amma  Çində bəzi rəsmilər enerji qiymətlərinin baha olduğu ilə bağlı müqavilələrə  uzunmüddətli  sadiq qalmağın mənasız olduğu qənaətinə gəliblər.

Təsəvvür edin ki, Ukrayna olaylarının baş verdiyi son iki gündə ilk dəfə dünən Çin rəsmi mövqeyini açıqlayaraq, Rusiyanı dəstəklədiyini bildirdi və sanki, tərəflərin – ABŞ və Rusiyanın müharibə komediyasının ona qarşı yönəldiyinə işarə etdiyinin mesajını verdi. Amma diqqətli oxucular, fevralda keçirilən Pekin Olimpiadasının unutmuş olmazlar, Çin lideri Putini necə oyundankənar vəziyyətə salaraq, tək oturtmaqla qalmayıb, yekun görüşlərinə belə qatılmamışdı.

Ukrayna NATO-lu və NATO-suz

Yaxud “Əldə bir qədəh şərab”

Rusiyanın hərbi əməliyyatlara başladığı saatlar hamının gözü “Ağ Ev”dən gələcək açıqlamada idi və ABŞ rəhbərinin ilk açıqlaması “danışılmış” müharibə ilə bağlı fikirlərin bizi aldatmadığı qənaətini möhkəmləndirdi: ABŞ Prezidenti Co Bayden Amerika qoşunlarını Ukraynaya göndərmək fikrində deyil”.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

“Prezident ABŞ hərbçilərini və ya Amerika qoşunlarını Ukraynaya döyüşmək üçün göndərmək niyyətində deyil. Bu baxış bucağı və prezidentin yanaşması dəyişməyib”, – deyə Psaki qeyd edib.

Bəs, ABŞ bu işğalı dayandıra və preventiv tədbirlər görə bilərdimi?

İlk gündən “Rusiya filan gün Ukraynaya hücum edəcək” deyib, tarix verənlər üçün şübhəli məqamlara baxaq:

ABŞ “Ukraynaya əsgər göndərməyəcəyik” deməsi ilə eyni sualı doğurdu:

ABŞ çox yox təxminən 1000 əsgərini sərhəd zonasına yerləşdirsəydi nə baş verəcəkdi?

Cavab: Rusiya hücum etməyəcək və ABŞ əsgərini vurmayacaqdı, bu artıq Rusiya – ABŞ müharibəsi demək idi.

İkincisi, Montro müqaviləsinə görə İstanbul boğazlarının torpaq və idarəetmə rejiminin sahibi Türkiyə 60 rus hərbi gəmisinin Qara dənizə necə buraxmışdısa, NATO ölkələrinin də hərbi gəmilərini boğazlardan buraxmaqla potensial toqquşma arealı yarada bilərdi və yüksək ehtimalla belə bir olay baş verəcəkdirsə, NATO nizamnaməsinin 5-ci maddəsi işə düşəcək, eyni anda 28 NATO dövləti Rusiyaya qarşı müharibə elan edəcəkdi.

– Bu cür üstünlükləri Bayden bilmirdimi?

bilirdi

– Niyə istifadə etmədi?

Bu artıq ayrı bir cavabı haqq edən suallar silsiləsini yaradır.

Moskva – Bakı reysi ilə gələn sülh sənədi

Əliyevin Moskva səfəri ilə gündəmə bomba kimi düşən “Moskva bəyannaməsi” ayrıca qlobal savaşlar fonunda, dünya güclərinin ortasında əldə edilən təhlükəsizlik sertifikatı, sabitliyin qarantiyasıdır.

Dünyanın halı məlum, ortadadır. Yenidən bölünməyə başlayıb. II Dünya Müharibəsindən sonra formalaşan Potsdam, Yalta – BMT sistemi iflas edib, yeni supergüclərin toqquşmaları dönəmi başlayıb.

Azərbaycan prezidenti məhz 12 yanvar günü “Dünyada nizam dağılıb” deyəndə məhz bunu nəzərdə tutmaqla qalmayıb, artıq fətvası verilmiş və çökəcək sivilizasiyaların xarabalığı altında qalmamaq üçün tarixi müqaviləyə imza atmaqla tarix yaratmış oldu ki, bizim gələcək nəsillər yüz il sonra bizdən fərqli olaraq “Kürəkçay”ın, “Türkmənçay”ın məğlub yüz illiklərini deyil, “Şuşa” və “Moskva” müqavilələrinin qalibiyyət və sabitlik simasını qeyd edəcəklər. Zatən, “Moskva” bu xüsusda hələ 1921-ci ildən – nakam Nərimanovun dəyərli xidmətlərindən biri kimi “Qars”la tandem təşkil etməkdədir.

43 maddədə ərazi bütövlüyündən tutmuş, təhlükəsizliyə qədər bir-birindən dəyərli məsələlər var, üstəgəl, ikitərəfli və bərabərhüquqa əsaslanmaqla qalmır, Türkiyə ilə ən üst səviyyədə qərarlaşan hərbi qardaşlığa qarşı da çıxış etmir.

Bu, bu gün tezdən Ukraynaya başlayan hücum fonunda necə də parlaq və aydın görünür:

Ukraynanı rəhbərlərinin iştirakı qarışıq necə də ağılsızcasına taleyin  ümidinə tərk ediblər, Zelenski Paşinyanın saqqalsız siması kimi nəzərə çarpır, açıqlamaları dişsiz, ümidsiz və məğlub qoxulu, müttəfiqlərsiz, meydanı teatrın ayaqyolusu və özü də dram oynamaqda. Komandasız, məmursuz, yerində olmayan nümayəndələrsiz, Ukrayna xalqı onun halından anlamayan meşşan məmurların təcrübə laboratoriyasında can verməkdədir.

Son söz əvəzi

Ukrayna dominonun ilk daşı kimidir, düşdü, düşəcək.  Amma bu, 70 il əvvəl rus çəkmələri dəyən torpaqları xilas edəcəkmi?

Bu gün Baltik dənizində –  Kalininqradın qonşuları, Balkanlardakı NATO müttəfiqləri, Pan Polşası, Moldaviya, Şimal dənizinin “vikinqləri” nə düşünür?

Rusiya öz maraqları və təhlükəsizlik sərhədləri uğrunda  haçan və harda dayanacaq?

Bəs, Çinin artan nüfuzu qarşısında konsprioloji nəzəriyyə kimi ABŞ- Rusiya müttəfiqliyi mümkün olacaqmı?

Sakit Okeanın təlatümlü dalğaları yeni dünyanın sərhədlərini necə müəyyən edə biləcək?

Kontent analizimiz və açar sözlər bu yazımızda bildinizmi hansı nəticələr doğurdu:

– Rusiya

– Çin

– ABŞ

– Ukrayna

– NATO

– Azərbaycan

Yerimiz və gücümüz ortadadır, yeni dünyaya qalib – 44 günün zəfəri və gücü ilə daxil oluruq, qalibiyyətdən həzz alaq, elə böyüyək.

Əziz Əlibəyli,

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*