“Koçaryan, Sarkisyan və “Daşnaksütyun” Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” – Paşinyanbackend

"Koçaryan, Sarkisyan və "Daşnaksütyun" Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb" - Paşinyan

“Koçaryan, Sarkisyan və “Daşnaksütyun” Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O bəyan edib ki, Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinin bütün tarixi boyu “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” prinsipi və strategiyasının rəhbər tutulması ilə bağlı iddialar tamamilə yalandır.

“Bu bəyanatlar tamamilə yalandır, çünki danışıqlar prosesinin bütün tarixi ərzində həm Robert Koçaryan, həm də Serj Sarkisyan və onlarla birlikdə onların siyasi peyki Daşnaksütyun Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və “”Arsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”, –  Paşinyan bildirib.

Baş nazir bu iddianı əsaslandırmaq üçün faktlar və sübutlar təqdim edib.

“1998-ci il noyabrın 25-də Robert Koçaryanın başçılıq etdiyi Ermənistanın o vaxtkı rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təqdim etdikləri təklifi danışıqlar üçün əsas kimi qəbul etməyə razılaşıb. “Qarabağ respublika tipli dövlət-ərazi quruluşudur və Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ümumi dövlət təşkil edir”. Paketdən ikinci sitat: “Dağlıq Qarabağ vətəndaşları şəxsiyyət vəsiqəsi kimi “Dağlıq Qarabağ” xüsusi işarəsi olan Azərbaycan pasportuna malik olacaqlar”.

Təbii ki, Robert Koçaryan, Serj Sarkisyan və Daşnaksütyun bundan xəbərdar idi. Qəribədir ki, niyə onlar həmsədrlərin bu təklifinə cavab vermədilər ki, “Arsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Əksinə, yuxarıdakı versiyaya əsaslanaraq, onlar nəinki Qarabağın Azərbaycanın bir hissəsi ola biləcəyini istisna etmirdilər, həm də danışıqlar paketinin əsas məntiqi ilə razılaşırdılar ki, Qarabağ Azərbaycanın bir hissəsi, həm də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”, – Baş nazir vurğulayıb.

Paşinyan xatırladıb ki, danışıqlar paketinin ardınca “ərazi mübadiləsi paketi” gəlir.

“Mən vurğulamaq istəyirəm ki, bu danışıqlar paketi ilə Ermənistanın o vaxtkı liderləri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıblar. Niyə? Çünki qeyd olunan paketin mənası ondan ibarətdir ki, Ermənistan Meğri bölgəsini Azərbaycana verir, əvəzində isə Dağlıq Qarabağı alır. Yəni Ermənistan Qarabağı almaq üçün suveren ərazisinin bir hissəsini Azərbaycana verməli idisə, bu o deməkdir ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.

Düşünürəm ki, burada əlavə şərhə ehtiyac yoxdur. Üstəlik, baxılan layihədə birbaşa deyilir ki, Ermənistan Meğrini, Azərbaycana isə Laçın rayonunu, Şuşa və Dağlıq Qarabağı verəcək. Nəzərinizə çatdıraq ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana verir, bu o deməkdir ki, Koçaryan Qarabağın Şuşa və Laçınla birlikdə Azərbaycana məxsus olduğunu, eləcə də Meqrinin Ermənistana aid olduğunu etiraf edib, o da öz növbəsində onu əldə etmək üçün Dağlıq Qarabağı Azərbaycana verir”, – o izah edib.

Paşinyanın sözlərinə görə, Madrid prinsiplərinin müzakirəsi zamanı bu reallıqlar daha da möhkəmlənib.

“Madrid prinsipləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamaq ehtimalını da istisna edir. Niyə? Çünki bu prinsiplərə əsasən, Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsində veto hüququ əldə edib, yəni onun üçün istənilən arzuolunmaz statusun müəyyən edilməsinin qarşısını almaq imkanı olub”, – Paşinyan yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*