“Kompüter dilçiliyi üzrə dərsliklər hazırlanmalıdır” – AKADEMİKbackend

"Kompüter dilçiliyi üzrə dərsliklər hazırlanmalıdır" - AKADEMİK

“Dünyanın əksər ölkələrinin ali məktəblərində “Kompüter dilçiliyi”, “Dil mühəndisliyi” kimi  ixtisaslar üzrə kadrlar hazırlanır. Rəqəmsal transformasiyalar ölkənin ali təhsil sistemində də “Kompüter dilçiliyi” ixtisasının təşkilini və bu sahədə peşəkar kadrların hazırlanmasını zəruri edir”.

Bu fikirləri KONKRET.az-a AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib.

Azərbaycan dilinin İKT problemlərinə toxunan akademik Rasim Əliquliyev Azərbaycanda  domen  adlarının  milli  əlifbada yazılmadığını (mEdEniyyEt.az, EdEbiyyat.az, dilCilik.az, monitorinqmErkEzi.az, Emlak.az, SHErq.az və s.), nəticədə dilimizdə zorən yer alan bu qüsurların zaman keçdikcə “qanuniləşdiyini” söyləyib.

Akademik həmçinin Azərbaycan dili əlifbası ilə digər xalqların milli əlifbaları arasında transliterasiya interfeyslərinin yaradılmasının, hazırda Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət mühitinə inteqrasiya olunmasının və hamı üçün əlçatan “vahid pəncərə” onlayn xidmətlərinin göstərilməsinin zəruri olduğunu deyib.

Baş direktor həmçinin Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının işlənilməsi, ana dilinə dair çoxlu sayda resursların (lüğətlər, atlaslar və s.) rəqəmsallaşdırılması və veb-saytlarının yaradılması, İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlər və məhsulların işlənilməsi ilə bağlı problemlərin olduğunu bildirib.

Alim İKT-nin Azərbaycan dili problemləri ilə bağlı fikirlərini bölüşərək müasir informasiya texnologiyaları, süni intellekt və təbii dilin emalı metodları və vasitələrinin başqa dillərdə geniş tətbiq oldunuğunu, Azərbaycan dilinə isə tətbiq edilə bilmədiyini vurğulayıb: “Buna səbəb Azərbaycan dilinin ontologiyası, tezaurusu, müxtəlif təyinatlı tezlik lüğətləri, sentiment və vulqar sözlər bazası, Azərbaycan dilinin milli dil korpusu və digər zəruri vasitələr və resursların olmamasıdır”.

AMEA-nın vitse-prezidentinin fikrincə, yuxarıda sadalanan problemlər həll olunarsa, Azərbaycan  dilində  mətnləri,  nitqləri xülasələşdirmək və təsnif etmək, internet mühitində milli informasiya axtarış sistemi yaratmaq, insan-kompüter dialoq sistemlərini (çatbot və s.) işləmək, azərbaycandilli mətnlər üçün milli antiplagiat proqramları hazırlamaq, Azərbaycan dili ilə dünyanın digər dilləri arasında keyfiyyətli kompüter tərcüməsi proqramları yaratmaq mümkün olacaq.

Eyni zamanda qeyd olunan problemlərin həlli virtual məkanda Azərbaycan dilinin ekoloji vəziyyətinin fasiləsiz monitorinqinin aparılması, qiymətləndirilməsi və dilin inkişafı ilə əlaqədar obyektiv və səmərəli qərarların qəbul edilməsinə, ölkəmizdə milli e-dövlətin formalaşmasına və vətəndaşlar üçün Azərbaycan dili ilə bağlı müxtəlif onlayn xidmətlərin təşkil edilməsinə gətirib çıxaracaq. Azərbaycan dilinin milli dil korpusunun yaradılması ilə onlayn kanallar vasitəsilə dilimizə daxil olan yad terminləri avtomatik aşkarlamağa imkan verən texnologiyaların işlənilməsinə, azərbaycandilli virtual məkanda informasiya təhlükəsizliyinin təmin olunmasına, uşaqların ziyanlı mətn və audio-video kontentlərdən qorunmasına, o cümlədən kibercinəyatkarlıqla effektiv mübarizə aparılmasına da nail olunacaq.

“Bir sözlə, rəqəmsal transformasiyalar dövründə Azərbaycan dili ilə bağlı çoxlu sayda problemləri həll etməklə, onlayn mühitdə dilimizin qorunmasını, inkişafını və müxtəlif məqsədlərlə geniş tətbiqini təmin etmək üçün real imkanlar yaranacaq”, – deyə alim fikrini tamamlayıb.

Qeyd edək ki, akademik Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında göstərilən məsələlərlə bağlı bir sıra təkliflər irəli sürüb. Ölkəmizin ali məktəblərində kompüter dilçiliyi və dil mühəndisliyi  ixtisasları üzrə kadrların, kompüter dilçiliyi üzrə dərsliklərin hazırlanmasının zəruri olduğunu nəzərə çatdırıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*