Kredit böhranı dərinləşir: Əhali və sahibkarların çıxış imkanları məhdudlaşırbackend

Kredit böhranı dərinləşir: Əhali və sahibkarların çıxış imkanları məhdudlaşır

“Hazırkı iqtisadi vəziyyətdə əhalinin və sahibkarların kreditlərə çıxış imkanları ciddi şəkildə məhdudlaşıb”.

Bu fikirləri iqtisadçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib. Bu sahədə sistemli islahatlar aparılmadığı üçün problem ildən-ilə dərinləşir.

Onun sözlərinə görə, həm əhalinin, həm də sahibkarların ödəniş qabiliyyəti zəiflədiyindən banklar kredit verməkdə tərəddüd edirlər:

“Sabaha inam yoxdur. Banklar da anlayır ki, hər kəsə kredit vermək risklidir. Sosial-iqtisadi vəziyyət gündən-günə pisləşdiyi üçün bu sahədə banklar da çarəsizdir. Əslində, kredit verilməsində maraqlıdırlar, lakin risk yüksəkdir”.

Ə. Həsənov qeyd edib ki, problem təkcə banklarda deyil. Kölgə iqtisadiyyatının yüksək payı da bu sahədə maneələr yaradır:

“Azərbaycanda çox vaxt insanların və sahibkarların əsas gəliri qeyri-rəsmi olur. Banklar bunu başa düşür, amma Mərkəzi Bankın qaydaları yalnız rəsmi gəlirləri nəzərə almağa imkan verir. Bəzən bu qaydalar pozulur, lakin bu, kütləvi xarakter daşımır”.

İqtisadçının fikrincə, bank olmayan kredit təşkilatları (BOKT) bu baxımdan daha çevik davranır. Lakin onların faiz dərəcələri yüksəkdir və ucuz maliyyə resurslarına çıxışları yoxdur:

“Onlara nə Mərkəzi Bankdan kredit verilir, nə də insanlar əmanət qoyur. Ona görə də vəsaitləri bahadır. Banklara qarşı isə tələb sərtdir, çünki onlar əmanətçilərin pullarını idarə edirlər. Bu baxımdan Mərkəzi Bank sərt davranır. Amma müəyyən qədər yumşalma olsa, bu, sui-istifadə hallarına da səbəb ola bilər”.

Ə. Həsənov hesab edir ki, problemin aradan qaldırılması üçün kölgə iqtisadiyyatı azaldılmalı, kredit sistemində şəffaflıq artırılmalı və Mərkəzi Bankın tələbləri balanslaşdırılmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*