Kredit ödənişlərində gecikməsi olan şəxslərə bank və ya bank olmayan kredit təşkilatlarının (BOKT) kredit verib-verməməsi məsələsi tez-tez müzakirə olunur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericilikdə belə şəxslərə kredit verilməsini qadağan edən norma yoxdur:
“Qanunvericilik məhdudlaşdırmır. Amma təbii ki, gecikməsi olan şəxsi banklar görürlər. Kredit almaq istəyən şəxs barədə kredit bürosuna sorğu verilir və onun tarixçəsi görünür. Bu, banklar və BOKT-lar üçün məlumat xarakteri daşıyır. Qərarı isə maliyyə qurumları verir”.
Ekspertin sözlərinə görə, əksər hallarda banklar gecikməsi olan şəxslərə kredit verməkdən imtina edirlər:
“Çünki belə şəxslərin artıq problemi var. Amma istisnalar ola bilər. Məsələn, gecikmənin məbləği cüzi sayılırsa, yaxud müştərinin etibarlı zamini və ya girov əmlakı varsa, kredit verilər. Buna baxmayaraq, praktiki olaraq bankların əksəriyyəti belə hallarda kredit ayırmır”.
Yəni, qanunvericilik bu məsələyə məhdudiyyət qoymasa da, bankların qərarı əsasən müştərinin kredit tarixçəsindən asılı olur.
Aynurə İsmayıl
KONKRET.az