Kürdüstan təkzib etdi: “Qasim Süleymaninin qətlində əlimiz yoxdur“backend

Kürdüstan təkzib etdi: “Qasim Süleymaninin qətlində əlimiz yoxdur“

İraq Kürdüstanının Terrorla Mübarizə Qrupu (CTG) iranlı general Qasim Süleymaninin öldürülməsində kürdlərin rolunu təkzib edib.

KONKRET.az “Rudaw English”ə istinadla xəbər verir ki, CTG bununla bağlı bəyanat verib.

Bəyanatda qeyd olunur: “Bu əməliyyatda qüvvələrimizin iştirakını və ya xəbərdarlığını inkar edirik. General Qasim Süleymani Mam Cəlalın (Cəlal Talabaninin – red.)  yaxın dostu idi və terrorla mübarizə bölmələri bir vaxtlar Qasim Süleymaninin də mübarizə apardığı terrorizmə qarşı eyni cəbhədə vuruşub”.

Xatırladaq ki, “Yahoo News”un mayın 8-də yayımlanan məlumatında CTG-nin 3 yanvar 2020-ci ildə Bağdad beynəlxalq hava limanında pilotsuz təyyarə ilə həyata keçirilən hücumda Süleymaninin öldürülməsində “əsas rol” oynadığı iddia edilib.

Məlumatda bildirilir ki, Şimali İraqdakı ABŞ-ın xüsusi əməliyyat bölməsi ilə dərin əlaqəsi olan elit kürd bölməsi – Terrorla Mübarizə Qrupunun (CTG) üzvləri ABŞ komandanlığına kömək edib.

“Yahoo”nun məlumatında Süleymaniyə sui-qəsd planının ABŞ prezidenti Donald Trampa göndərildiyi, dron həmləsinin uğursuz olacağı halda, kürd xüsusi təyinatlılarının snayper komandasına da kömək edəcəyi iddia olunub. ABŞ-ın sabiq müdafiə naziri əvəzi Kris Miller əməliyyatı “nazirliyin ən mürəkkəb hazırlığı” olaraq səciyyələndirib. “Yahoo News”un iddiasına görə, bir kürd əməliyyatçı Qasim Süleymaninin cəsədini tanımaq üçün hadisə yerindən dəlil götürüb. “2 ABŞ rəsmisinin sözlərinə görə, hücumdan sonra İraq polisi cildinə girmiş bir kürd əməliyyatçı Süleymaninin avtomobilinin qalıqlarına yaxınlaşıb, fotoşəkillər çəkib və getməzdən əvvəl hadisə yerindən DNT analizində təsdiqlənməsi üçün bir toxuma nümunəsi götürüb”.

Kürdüstan Vətənpərvərlər Birliyinə (KVB) bağlı olan CTG əvvəlcə sui-qəsdlə əlaqəli olduğu iddiasını şərh etməyib. KVB İranla yaxşı əlaqələrə malikdir və partiyanın bir neçə üzvü, o cümlədən baş nazirin müavini Qubad Talabani də daxil olmaqla, yanvar sui-qəsdindən sonra İranın Süleymaniyədəki konsulluğuna gələrək başsağlığı veriblər./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*