“Kürün durumu keçən ilkindən də ağırdır: Bu göllər bağlanmalıdır” – Rüstəmxanlıbackend

“Kürün durumu keçən ilkindən də ağırdır: bu göllər bağlanmalıdır”

“Yaz gəlib, Kürün durumu keçən ilkindən də ağırdır. Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir, yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisdə Neftçalanı təmsil edən deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bir il əvvəl Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik: “Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi. Təəssüf ki, bu təklifə heç bir reaksiya olmadı. İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır.

Bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğrudan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldurlar. Ancaq görünən budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalının suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Qarşıda bizi isti aylar gözləyir. İndidən Kürün dərdinə çarə tapılmalıdır. Kürün xilası ilə bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhalini çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləri ilə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır”.

Sabir Rüstəmxanlı qeyd edib ki, ötən il verilən iki təklif Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır: “Başqa təkliflər də var, bilirik ki, kənd təsərrüfatı və əkinçilik inkişaf etdikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıca-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatıb. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar.

İkinci çox ciddi məsələ Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurlarıdır. Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, nohurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz. Bu gün Kürü xilas etmək haqqında düşünməliyik. Çünki Kürün taleyi çay boyu yaşayan yüz minlərlə insanın taleyidir”. teleqraf.com

  • Zamina Elturan
    Aprel 6, 2021 - 19:53

    Kür çayının taleyi dəfələrlə gündəmə gəlib?Lillənmədən guya təmizləndi.Kür keçən ilki isti havalardan tam qurumaya məruz qalıb.Sonu görünməzmi bu bəlanın?Yayda maşın-maşın sular baha qiymətlərlə qapılara daşınır.Belə suların daşınması da yeni xəstəliklərə yol açır.Kürün taleyinin həlli nədədir?Rayon əhalisi doğru vurğulayırlar,amma onların fikirlərini qavraya bilən kəs yoxdu deyəsən.Salyana son illərdə çəkilən yeni su xəttləri var.Deyilənə görə bu su xəttlərilə əhaliyə dəniz suyu verilir.Su töküldüyü qabda ağappaq çöküntülər açıq-aşikar görünür.Bəs bu nə deməkdi?

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*