“Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır” – Lukaşeviçbackend

"Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır" - Lukaşeviç

“Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

“Regionda humanitar vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur. Əhali Bakı ilə İrəvan arasında siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir.

Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qalmalı və yalnız 9 noyabr 2020-ci il Bəyanatında qeyd olunan məqsədlər üçün istifadə edilməlidir.

Biz azərbaycanlı və erməni tərəfdaşlarımızı Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti mümkün qədər tez həll etmək, filiz yataqlarının işlənməsi parametrlərini razılaşdırmaq və problemləri həll etmək üçün xoş niyyət nümayiş etdirməyə və birgə məqbul kompromislər axtarmağa çağırırıq”, – deyə Lukaşeviç ATƏT Daimi Şurasının xüsusi iclasında bildirib.

Lukaşeviçin sözlərinə görə, Moskva bu işdə hər cür köməklik göstərməyə hazırdır. Belə ki, Rusiya sülhməramlılarının səyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin təcili tibbi yardım maşınlarının və avtonəqliyyat vasitələrinin Laçın dəhlizi ilə keçidi təşkil edilmiş, qarabağlıların qaz təchizatı operativ şəkildə bərpa edilmiş, internetə çıxış təmin edilmişdir. Elektrik verilişi xətlərinin təmiri ilə bağlı parametrlər razılaşdırılır.

Daimi nümayəndə qeyd edib ki, Rusiya maraqlı tərəflərlə təmasda gərginliyi azaltmaq və vəziyyəti həll etmək üçün bütün mümkün tədbirləri görür.

“Dayanıqlı və uzunmüddətli həll yalnız Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərinin bütün müddəalarına ciddi əməl olunması əsasında mümkündür.

Biz sülhməramlılara qarşı hər hansı təxribat xarakterli hərəkətləri, açıq hücumları qəbuledilməz və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə xələl gətirən hesab edirik.

Rusiya sülhməramlıları öz yerləşdirilmə zonasında təhlükəsizliyin təmin edilməsinə töhfə verirlər. Bunu Soçi sammitində 31 oktyabrda (2022-ci il) Rusiya, Azərbaycan və Ermənistan liderləri qeyd ediblər”, – deyə Lukaşeviç bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*