Laçın, Kəlbəcər, Qubadlı və Zəngilana həsr edilən kitab nəşr olundubackend

Laçın, Kəlbəcər, Qubadlı və Zəngilana həsr edilən kitab nəşr olundu

Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının tarixi-etnoqrafik tədqiqinə həsr edilmiş  kitab nəşr olunub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmovanın “XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi” (Bakı, “Apostrof” nəşriyyatı, 2020, 304 s.) adlı monoqrafiyası nəşr edilib.

KONKRET.az xəbər verir ki, 2010-cu ildə doktorluq dissertasiyası kimi müdafiə edilmiş bu monoqrafiya XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının tərkibində olmuş Kiçik Qafqazın cənub-şərq bölgəsinin – indi “Ermənistan” adlı respublika tərəfindən işğala məruz qalmış Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının tarixi-etnoqrafik tədqiqinə həsr olunmuşdur. Altı fəsildən ibarət monoqrafiyada XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarına aid çoxsaylı arxiv materialları, tarixi mənbələr, işğal nəticəsində Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış insanların məlumatları və müəllifin şəxsi müşahidələri əsasında Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının görkəmli şəxsiyyətləri, maddi və mənəvi mədəniyyəti, o cümlədən yaşayış məskənləri və evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, xalq nəqliyyat vasitələri, təsərrüfat məşğuliyyəti, sənətkarlığı, ailə və ailə məişəti, bayramları və xalq mərasim ayinləri və onların poetik mətnləri, aşıq sənəti, qonaqpərvərlik adətləri, dini inanclar və onların qalıqları, xalq təhsili, xalq təbabəti, oyun və əyləncələri hərtərəfli araşdırılmışdır.

Əsər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının 31 yanvar 2020-ci il tarixli iclasının (protokol № 1) qərarı ilə nəşr olunur.

Qeyd edək ki, tarix elmləri doktoru Solmaz Məhərrəmova bir monoqrafiya, 100-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalənin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azəərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla hazırlanmış “Qəbələnin tarixi”, “Qəbələnin etnoqrafiyası” və “Qəbələnin folkloru” adlı üçcildliyin həmmüəllifi, Moskvada rus dilində işıq üzü görmüş “Народы и культуры” seriyasından “Азербайджанцы” (“Azərbaycanlılar”) adlı fundamental əsərin əsas müəlliflərindən biridir. Solmaz Məhərrəmova AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Qadınlar şurasının sədri, elmi şuranın, habelə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “Tarix və siyasi elmlər” üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycan etnoqrafiya elminin və milli-mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında fəal iştirak edərək radio və televiziya kanallarının təşkil etdiyi verilişlərdə vaxtaşırı çıxışlar edib, AzTV-nin çəkdiyi “Yun hörgüsü-keçə sənəti”, “Spase” kanalının 2 seriyalı “Azərbaycan xalq rəqsləri”, “Lider” kanalının “Novruz çərşənbələri”, АТV каnаlının istehsalı olan “Azərbaycan qadını tarix səhnəsində” adlı elmi-populyar filmlərdə məsləhətçi-mütəxəssis-etnoqraf kimi iştirak edib.

Monoqrafiyanın elmi redaktoru əməkdar elm xadimi, akademik Teymur Bünyadov, elmi rəyçilər əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, əməkdar elm xadimi, tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Babayevdir. Monoqrafiya tarix, etnoqrafiya, sənətşünaslıq, folklorşünaslıq, şifahi xalq yaradıcılığı, xalq ayin və mərasimləri, xalq təbabəti, ənənəvi oyun və əyləncələr və sosial antropologiyanın digər sahələri üzrə mütəxəssisləri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*